ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Kitablar » Həccin hökmləri və əlavələr

HƏCC ƏMƏLLƏRİ İLƏ BAĞLI SUAL-CAVABLAR (Mülhəqate-mənasike-həcc) → ← Beşinci fəsl » Təməttö həccinin əməlləri

Altıncı fəsl » Məhdud və məhsurun hökmləri

Müstəhəb həcc:

Müfrəd ümrə:

Müxtəlf məsələlər:

Məhdudun hökmləri:

Məsələ 740. Məsdud- muhrim olduqdan sonra Məkkəyə çatmaq və yaxud ümrə və ya həccin əməllərini etmək üçün müqəddəs məkanlara çatmaqda düşmən və bu kimi maniələrlə rastlaşan şəxsə deyilir.

Məsələ 741. Məsdud şəxsin vəzifəsi aşağıdakı qayda ilədir:

a) Müfrəd ümrədə olan məsdud şəxs, ehramdan çıxmaq istəyərsə: ya bir qoyun, və ya bir inək və və yaxud da bir dəvə hazırlayıb kəsməlidir və ehtiyat-vacibə əsasən başını təraş etdirməli və ya öz tükünü azaltmalıdır.

b) Təməttö ümrəsində həcdən də məsdud olarsa: onun hökmü öncəki fərzdə deyiləndir. Amma həcdən məsdud olmazsa, yəni düşmən Ərəfatdakı vüqufdan öncə Məscidul-hərama getməyə və təməttö ümrəsini yerinə yetirməyə qoymayıb, amma həcdən maniə olmazsa, ifrad həccini yerinə yetirməlidir.

c) Həcdə məsdud olan şəxs Ərəfat və ya Məşərdəki vüqufa çatmaqdan və yaxud Məşərdəki vüqufa çatmaqdan məhrum olarsa: ehtiyat-vacibə əsasən təvafı, təvaf namazını və səyi yerinə yetirib öz başını təraş etməli və ya tükünü azaltmalıdır. Sonra bir heyvan qurban etməli və ehramdan çıxmalıdır. Əgər təvaf və səy etməkdən də məhrum olarsa və Məscidul-hərama və Məsaya getməyə qoymazlarsa, bu halda təvaf və səy üçün naib tutmalı və naibin təvafı yerinə yetirməsindən sonra özü təvaf namazını qılmalıdır və bu da kifayətdir. Əgər naib tutmağı bacarmazsa və ehramdan çıxmaq istəyərsə, ehtiyat-vacibə əsasən bir heyvanı qurban kəsməli və başını təraş etməli və ya öz tükünü azaltmalıdır.

Məhsurun hökmləri:

Məsələ 742. Məhsur- xəstəlik və bu kimi səbəblərə görə Məkkəyə və sair müqəddəs məkanlara həcc və ya ümrənin əməllərini etmək üçün gedə bilməyən şəxsə deyilir.

Məsələ 743. Məhsur olan şəxsin vəzifəsi aşağıdakı qayda ilədir:

a) Təməttö ümrəsində və ya müfrəd ümrədə məhsur olan şəxs: ehramdan çıxmaq istəyərsə, qurbanlıq heyvanı və ya onun qiymətini Məkkəyə göndərməli və müəyyən gündə heyvanı kəsməyi onlarla qərarlaşdırmalıdır. Danışdıqları gündə öz başını təraş etdirməli və ya tükünü azaldıb ehramdan çıxmalıdır. Əgər qurbanlığı və ya onun qiymətini Məkkəyə göndərməyi bacarmazsa, öz olduğu yerdə heyvanı kəsməsi vacibdir.

b) Həcdə məhsur olan şəxsin hökmü ümrədə məhsur olan şəxsin hökmü kimidir, lakin bir fərqi vardır ki, o da həcdə məhsur olan şəxsin qurbanının bayram günündə və Minada kəsilməsinin lazım olmasıdır.

Məsələ 744.  Məhsur olan şəxs qeyd olunmuş qaydaya riayət edərsə, ehramın bütün haramları (cinsi ləzzətlərdən başqa) ona halal olur. Lakin cinsi ləzzətlər nisa təvafı və onun namazını yerinə yetirincəyə kimi haram olaraq qalır.

Məhsurun yaxşılaşması:

Məsələ 745. Məhsur olan bir şəxs müfrəd ümrədə qurbanlığı Məkkəyə göndərdikdən sonra və yaxud göndərməmişdən öncə xəstəlik aradan qalxarsa və ya azlarsa, bununla da öz səfərinə davam etməyi və qurbanlığının kəsilməsindən öncə Məkkəyə çatmağı bacararsa, Məkkəyə getməsi və ümrəni sona çatdırması vacibdir. Başqa bir şey ona vacib deyildir.

Məsələ 746. Təməttö ümrəsində məhsur olan şəxs yaxşılaşarsa və ya xəstəliyi azalarsa və ərəfə gününün zöhrünə kimi təməttö ümrəsinin əməllərin etməyi bacararsa, bir işkalı yoxdur. Lakin ümrənin əməllərini tamamlamağı bacarmazsa, ifrad həccini yerinə yetirməlidir.

Məsələ 747. Təməttö həccində məhsur olan şəxs qurbanlığı göndərdikdən sonra yaxşılaşarsa və ya xəstəliyi azalarsa və bu halda həccə çatacağına ehtimal verərsə, hərəkət etməsi və özünü çatdırması vacibdir.

Məsələ 748. Həcdə və ya ümrədə məsdud və yaxud məhsur olan şəxs qurbanlığı göndərərsə və ehramdan çıxarsa, (bu əməl) ümrə və ya həccin əvəzində kifayət etmit. Odur ki, “Hiccətul-islamı” yerinə yetirmək qəsdi olarsa və istitaəti davam edərsə və ya həcc onun boynunda müstəqər olarsa, sonradan onu həyata keçirməlidir.

Müstəhəb həcc:

Məsələ 749. Müstəti olmayan və ya vacib həccini yerinə yetirmiş şəxsin həcc etməsi müstəhəbdir. Hər il həcc etməyə imkanı olan şəxsin bunu həyata keçirməsi də müstəhəbdir.

Məsələ 750. Məkkədən qayıdan şəxsin bir daha həcc üçün ora qayıdacağına dair qəsd etməsi gözəl əməldir.

Məsələ 751. Əgər bir insan həccə getmək üçün borc götürəcəyi halda onu qaytara biləcəyinə arxayın olarsa, borc götürməsi və həccə getməsi müstəhəbdir.

Məsələ 752. Bir insanın həccə getmək üçün istitaəti olmayan başqa bir insanı həccə göndərməsi müstəhəbdir.

Məsələ 753. Fəqirlərin payı hesab olunan hissədən bir fəqirə zəkat versələr, onu müstəhəb həcc üçün məsrəf edə (xərcləyə) bilər.

Məsələ 754. Əri olan qadının müstəhəb ümrə və ya həcc üçün ərindən icazə alması şərtdir. Əgər onun icazəsi olmadan gedərsə, əməli batildir.

Müfrəd ümrə:

Məsələ 755. Müfrəd ümrənin əməlləri bundan ibarətdir: ehram, təvaf, təvaf namazı, səy, həlq və ya təqsir, nisa təvafı və onun namazı.

Məsələ 756. Təməttö həcci boynunda vacib olan və istitaəti olmayan şəxsin müfrəd ümrə etməyə imkanı olarsa, müfrəd ümrəni yerinə yetirməsi ona vacib deyildir.

Məsələ 757. Vəzifəsi təməttö həcci etmək olmuş, lakin müəyyən bir səbəb görə ifrad həccinə keçmiş şəxsin həcdən sonra müfrəd ümrə yerinə yetirməsi vacib deyildir.

Məsələ 758. Məkkə şəhərinə və hətta Məkkənin Hərəminə ehramsız daxil olmaq caiz deyildir. Odur ki, həcc aylarından başqa vaxtlarda Hərəmə daxil olmaq istəyən şəxs müfrəd ümrə üçün muhrim olmalıdır. Bu hökmdən bir neçə qrup şəxslər istisna olunmuşdur ki, onlar da aşağıdakılardan ibarətdir:

1) Müəyyən bir iş səbəbilə müntəzəm surətdə Hərəmə daxil olan və çıxan şəxslər (sürücülər kimi).

2) Müfrəd ümrənin əməllərini yerinə yetirmiş şəxs, Hərəmdən çıxarsa və ümrəni etdiyi qəməri təqvimindəki ay daxilində ora varid olmaq istəyərsə, ehramsız Məkkəyə daxil ola bilər.

3) Ehram bağlamaq və ümrənin əməllərini etmək onun üçün çox çətin olan xəstə şəxslər.

Məsələ 759. Qəməri təqvimindəki hər bir ayda müfrəd ümrə etmək müstəhəbdir və iki ümrə arasında otuz gün fasilənin olması şərt deyildir. Odur ki, bir ayın sonunda bir ümrəni və digər ayın əvvəlində başqa bir ümrəni yerinə yetirə bilər.

Məsələ 760. Özü üçün və ya başqa bir nəfərin tərəfindən naib olaraq iki müfrəd ümrəni bir ayın içində etmək caiz deyildir. Lakin ikinci ümrəni rəca qəsdilə yerinə yetirə bilər. Əgər iki ümrədən biri özü üçün və digəri də başqası üçün (naib kimi) olarsa, eybi yoxdur. Həmçinin iki ümrənin iki müxtəlif şəxsin naibi kimi yerinə yetirilməsində də işkal yoxdur.

Məsələ 761. Təməttö ümrəsi ilə müfrəd ümrə arasında fasilənin şərt olması işkallıdır. Çünki hacı zilhiccə ayında təməttö ümrəsi edərsə və həccin əməllərindən sonra müfrəd ümrə etmək istəyərsə, ehtiyat-vacibə əsasən onu məhərrəm ayına kimi təxirə salmalıdır. Şəvval ayında müfrəd ümrə edərsə və ondan sonra təməttö ümrəsini yerinə yetirmək istəyərsə, ehtiyat-vacibə əsasən həmin ayda etməməlidir.

Məsələ 762. Həcc aylarında müfrəd ümrə etmiş şəxs zilhiccənin səkkizinə kimi Məkkədə qalarsa və həcc etməyi qərara alarsa, yerinə yetirmiş olduğu ümrə təməttö ümrəsi hesab olunacaq və ondan sonra təməttö həccini etməsi kafidir. Bu məsələdə müstəhəb həcc ilə vacib həcc arasında bir fərq yoxdur.

Məsələ 763. Əgər bir şəxs təməttö ümrəsi ilə həcc arasında müfrəd ümrə edərsə, onun təməttö ümrəsi batil olur və onu bir daha yerinə yetirməlidir. Əgər zilhiccənin səkkizinə kimi Məkkədə qalarsa və həcc yerinə yetirmək istəyərsə, onun etdiyi həmin müfrəd ümrə təməttö ümrəsi hesab olunacaqdır. Buna əsasən də ondan sonra təməttö həcci həyata keçirilməlidir.

Məsələ 764. Öz vacib həccini yerinə yetirmiş və ya vəzifəsi təməttö həcci olan şəxs müfrəd ümrə üçün başqasının naibi kimi Məkkəyə gedərsə, müfrəd ümrənin istitaətinin hasil olmasına baxmayaraq özü üçün də müfrəd ümrə etməsi vacib deyildir. Lakin özü üçün də müfrəd ümrə etməsi ehtiyat-müstəhəbdir.

Müfrəd ümrə ilə təməttö ümrəsinin fərqi:

Məsələ 765. Müfrəd ümrə və təməttö ümrəsi bütün əməllərdə eynidirlər, lakin aşağıdakı bəzi fərqlilikləri vardır:

- Müfrəd ümrədə nisa təvafı vacibdir, lakin təməttö ümrəsində vacib deyildir.

- Təməttö ümrəsi mütləq olaraq həcc aylarında (şəvval, zilqədə və zilhiccə) yerinə yetirilməlidir, lakin müfrəd ümrəni həmişə etmək olar və onun ən yaxşı vaxtı rəcəb ayıdır.

- Təməttö ümrəsinin ehramından yalnız təqsirlə çıxmaq olur, lakin müfrəd ümrədə təqsir və ya həlqlə ehramdan çıxılır. Müfrəd ümrədə həlq etmək daha fəzilətlidir, lakin qadınlar mütləq təqsir etməlidirlər.

- Təməttö ümrəsi və təməttö həcci mütləq bir ildə olmalıdır, lakin müfrəd ümrə belə deyildir. Odur ki, boynunda ifrad həcci və müfrəd ümrə olan şəxs bir ildə həcci, digər ildə isə müfrəd ümrəni yerinə yetirə bilər.

- Müfrəd ümrəyə ehram bağlamış şəxs səyi yerinə yetirdikdən sonra cima edərsə, ümrəsi şəksiz və şübhəsiz batil olur. Bu şəxs növbəti aya kimi Məkkədə qalmalı, bir daha ümrəni yerinə yetirməlidir. Lakin təməttö ümrəsində həmin şəxsin hökmü budur ki, ehtiyat-vacibə əsasən ümrəsini tamamlayıb ondan sonra həcci həyata keçirsin və növbəti ildə hər ikisini də bir daha yerinə yetirsin.

Məsələ 766. Müfrəd ümrə üçün beş miqatdan birində ehram bağlanılmalıdır. Bəli, Məkkədə olan və müfrəd ümrə etmək istəyən şəxsin Tənim, Hudeybiyyə və Cəərane kimi Hərəm kənarında olan yerlərdə muhrim olması icazəlidir və o miqatlara getməsi şərt deyildir. Lakin səydən öncə cima etməklə öz ümrəsini batil edən şəxsin Hərəmdən kənarda ehram bağlaması, ehtiyat-vacibə əsasən kafi deyildir və bu şəxs miqata getməlidir.

Məsələ 767. Müfrəd ümrənin ehramını bağlamaq üçün  Hərəmdən kənara çıxan şəxsin Tənim, Hudeybiyyə və ya Cəəraneyə getməsinin bir lüzumu yoxdur. Yəni Hərəmdən kənar olan hər bir yerdə ehram bağlaya bilər.

Müxtəlif məsələlər:

Qeydiyyatdakı pulun xumsu:

Məsələ 768. Həcc və ziyarət təşkilatlarına və ya bankdakı xüsusi hesablarına müəyyən məbləğdə pul köçürən və adlarını qeydiyyata salıb sənəd əldə edən şəxslərə növbə çatmamışdan öncə və yaxud da həcc ayları başlamamış onların xums ili çatarsa, həccin onların boynunda müstəqər olduğu və adyazdırmaq (qeydiyyat) yolundan başqa bir forma olmadığı təqdirdə xums yoxdur. Bundan başqa hər bir halda onun xumsunu çıxarmaq vacibdir.

Məsələ 769. Öncəki məsələdə qeyd olunmuş hala uyğun şəkildə ziyarət və həcc təşkilatları ilə həccə göndərmələri üçün düzgün icarə müqaviləsi olarsa, hazırda mövcud olan həcc kartının qiymətinin xumsu ödənilməlidir. Amma qeyd olunan şəkildə müqavilə olmazsa, hesaba köçürülən məbləğin xumsunu vermək kafidir.

Məsələ 770. Bir insana həccin məsrəflərini başqa bir insan bağışladığı (hədiyyə etdiyi) halda həmin mala xums gəlib-gəlmədiyi və ya həmin insanın onun xumsunu verib-vermədiyi bilinməzsə, hədiyyə olunan şəxsə həmin malın xumsunu vermək vacib deyildir.[13]

Ayın əvvəlinin sabit olması:

Məsələ 771. Ərəfat və Məşərdə vüquf etmək, Cəməratın rəmyi və Minada gecə vaxtı qalmaq kimi həccin bəzi vacib əməlləri zilhiccə ayının məxsusi gündüz və gecələrində yerinə yetirildiyi üçün mükəlləfə vacibdir ki, həccin ibadətlərini öz vaxtında etməsi üçün zilhiccənin hilalını görmək və ayın əvvəlinin sabit olması haqqında araşdırma aparsın.

Məsələ 772. Əgər ayın əvvəlin başladığı Ərəbistanın qazisi və ya oranın hakimləri tərəfindən elan olunarsa, məsələnin bir neçə forması vardır:

a) O xəbərin və ya elanın düzgünlüyü sabit olsun.

b) Düzgün və həqiqətə uyğun olduğuna ehtimal verilsin: bu iki halda onlara tabe olmaq lazımdır. Hacı o elana uyğun əməl etsə həcci səhihdir və əgər əməl etməzsə, həcci batildir.

c) Həqiqətə uyğun olmadığı və səhf məlumat olduğuna yəqin olarsa: bu halda mükəlləf əməllərini şəri ölçülərlə sabit olmuş hilala uyğun vaxtlarda yerinə yetirməyi bacararsa, həmin cür əməl etməlidir və əməli də səhihdir. Əgər əksinə (müxalifət) edərsə, həcci batildir. Amma müəyyən üzr səbəbilə əməlləri düzgün olan şəri vaxtında edə bilməzsə və həmçinin oranın qazisinin də bildirdiyi vaxta uyğun əməl etməzsə, həcci birmənalı olaraq batildir. Yəni mükəlləf nə şəri ölçülərə uyğun vaxtlarda əməlləri yerinə yetirməzsə və nə də onların elan etdiyi vaxtlarda həyata keçirməzsə, həcci birmənalı olaraq batildir. Onların dediyinə tabe olduğu təqdirdə isə ehtiyat-vacibə əsasən həcci səhih deyildir.


[13] Daha dəqiq olaraq belə deyilməlidir ki, malı hədiyyə edən şəxs xums verən bir deyildirsə və hədiyyə etdiyi şəxs də on iki imam (ə) şiəsidirsə, o mala xums gəldiyini bildiyi halda belə onun xumsunu çıxarmaq lazım deyildir.
HƏCC ƏMƏLLƏRİ İLƏ BAĞLI SUAL-CAVABLAR (Mülhəqate-mənasike-həcc) → ← Beşinci fəsl » Təməttö həccinin əməlləri
العربية فارسی اردو English Azərbaycan Türkçe Français