ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

TƏYƏMMÜM → ← ÜÇ QAN (QADINLARA MƏXSUS HÖKMLƏR)

MEYYİTİN HÖKMLƏRİ

MEYYİTİN HÖKMLƏRİ

Məssi-meyit (meyitə toxunma) qüslü
Məsələ 643. Bir şəxs ölmüş insanın cəsədinə toxunarsa, yəni bədəninin hər hansı bir yerini onun bədəninə toxundurarsa, iki şərtlə məssi-meyit qüslü etməlidir:
a) cəsəd tamamilə soyumuş olmalıdır;
b) meyitə qüsl edilməmiş olmalıdır, yaxud üçüncü qüslü hələ başa çatmamış olmalıdır.
Bu hökmdə meyitin müsəlman, yaxud kafir, yetişkən, yaxud azyaşlı olmasının heç bir fərqi yoxdur. Bu hökm hətta abort nəticəsində tələf olan ruh bəxş edilmiş dölə də şamildir. Həmçinin, insanın yuxuda və oyaq halda, ixtiyari və qeyri-ixtiyari surətdə toxunması arasında heç bir fərq yoxdur. Hətta əgər dırnağı, yaxud dişi meyitin bədəndən qopmamış dırnaq, yaxud dişinə dəyərsə, qüsl etməlidir. Tük (saç) ilə bağlı hökm isə növbəti məsələdə açıqlanacaqdır.
Məsələ 644. İnsan tükünü ölü insan bədəninə, yaxud öz bədənini onun tükünə və ya öz tükünü onun tükünə toxundurarsa, məssi-meyit qüslü vacib sayılmır.
Məsələ 645. Bütün bədəni soyumamış ölüyə, hətta onun bədənin soyumuş nahiyəsinə belə, toxunmaq səbəbi ilə qüsl almaq vacib olmur. Lakin əgər sirayətedici rütubəti olan əl, yaxud başqa bir bədən üzvü qüslü edilməmiş, yaxud hələ üçüncü qüslü başa çatmamış ölünün bədəninə toxunarsa, nəcasətlənmiş sayılır.
Məsələ 646. İnsan üç qüslü kamil surətdə tamamlanmış meyitə toxunarsa, ona qüsl vacib olmur. Lakin əgər üçüncü qüslü başa çatmamış onun bədəninin hər hansı bir yerinə toxunarsa, hərçənd üçüncü qüsl çərçivəsində həmin yer yuyulmuş olsa belə, məssi-meyit qüslü etməlidir.
Məsələ 647.İnsan ölü heyvana toxunduqda ona qüsl vacib olmur. Lakin əgər sirayətedici rütubəti olan əl, yaxud başqa bir bədən üzvü ölüsü nəcis (murdar) sayılan bir heyvanın bədəninə toxunarsa, nəcasətlənir.
Məsələ 648.Əgər ana bətnindəki ruh verilmiş uşaq ölü dünyaya gələrsə və ana bətnindən çıxarkən bədəni soyumuş olarsa, anasının bədəninin hər hansı bir xarici, yaxud daxili nahiyəsi ilə təmasda olduğu halda ana, vacib ehtiyata əsasən, məssi-meyit qüslü etməlidir.
Məsələ 649. Əgər ana həyatını itirdikdən sonra uşaq dünyaya gələrsə və ananın bədəninin xarici, yaxud daxili hissəsinə toxunarsa, ana bətnindən çıxarılarkən ananın bədəni soyumuş halda olduğu təqdirdə, vacib ehtiyata əsasən, sözügedən uşaq həddi-büluğa çatdıqdan sonra məssi-meyit qüslü etməlidir.
Məsələ 650. Əgər dəli, yaxud həddi-büluğa çatmamış uşaq meyitə toxunarsa, həmin dəli aqil olduqdan (əqli inkişafı bərpa olduqdan), uşaq isə həddi-büluğa çatdıqdan sonra məssi-meyit qüslü etməlidir. Həddi-büluğa çatmayan uşaq yaxşı ilə pisi ayırd edə bilən bir uşaq olarsa və məssi-meyit qüslü edərsə, qüslü doğru sayılır.
Məsələ 651. Əgər diri, yaxud qüslü edilməmiş ölü insanın bədəninin bir hissəsi bədəndən ayrılarsa və həmin hissəyə qüsl verilməmiş bir şəxs ona toxunarsa, hətta bədənin həmin hissəsində bir-birindən ayrılmamış sümük və ət olsa belə, sözügedən şəxsin məssi-meyit qüslü etməsi vacib deyil. Əlbəttə ki, bu halda qüsl etmək müstəhəb ehtiyatın tələbidir. Lakin əgər bir cəsəd doğranmış olarsa və bir şəxs həmin parçaların hamısına, yaxud əksər hissəsinə toxunarsa, məssi-meyit qüslü vacibdir.
Məsələ 652.Bədəndən ayrılan və qüslü edilməyən sümüyə, istər ölüdən olsun, istərsə diridən, toxunmaq səbəbi ilə qüsl vacib deyil. Həmçinin, ölü, yaxud diri insanın yerindən çıxan dişinə toxunmaq da bu qəbildəndir.
Məsələ 653. Məssi-meyit qüslünün qaydası cənabət qüslü kimidir və dəstəmaz üçün kifayət edir.
Məsələ 654.İnsan bir neçə meyitə toxunarsa, yaxud bir meyitə bir neçə dəfə toxunarsa, bir dəfə məssi-meyit qüslü etməsi kifayətdir.
Məsələ 655.Meyitə toxunduqdan sonra qüsl etməyən şəxsin məscidə daxil olması, həyat yoldaşı ilə cinsi əlaqədə olması və vacib səcdəsi olan ayələri oxuması üçün məhdudiyyət yoxdur. Lakin namaz qılmaq, Quran ayələrinin mətninə toxunmaq və bu qəbildən olan işlər üçün qüsl etməlidir.
Can verən insanla əlaqədar hökmlər
Məsələ 656. Canvermə halında olan isnaəşəri (on iki Əhli-beyt imamının canişinliyini qəbul edən) şiənin kişi və ya qadın, yetkin və ya azyaşlı olmasından asılı olmayaraq, üzünü qibləyə çevirmək, vacib ehtiyata əsasən, hər bir müsəlmanın borcudur, yəni mümkün olduğu təqdirdə, ehtiyata əsasən, ayaqlarının altı qiblə istiqamətinə düşəcək şəkildə arxası üstə yatırtmalıdırlar. Can verən şəxsin özünün buna razı olduğu məlumdursa və o, həddi-büluğa çatmayan uşaq və ya dəli kimi qasir (üzürlü sayılan) insanlar qismindən deyilsə, bu iş üçün onun vəlisindən (şəri hamisindən) icazə almağa gərək yoxdur, əks təqdirdə isə onun vəlisindən, ehtiyata əsasən, icazə almaq lazımdır.
Məsələ 657. Canvermə halında üzünü qibləyə çevirmək can verənin özünə vacib deyil, hərçənd müstəhəb ehtiyatın tələbi budur ki, can verən şəxs mümkün olduğu təqdirdə özünü qibləyə doğru yönəltsin.
Məsələ 658. Daha yaxşı olar ki, meyit qüslü başa çatanadək meyiti 656-cı məsələdə izah edilən surətdə qibləyə doğru uzatsınlar, lakin qüslü başa çatdıqdan sonra daha yaxşı olar ki, onu cənazə namazı qılınanda uzadıldığı vəziyyətdə yatırsınlar.
Məsələ 659. Şəhadəteyni və on iki imamın (ə) xəlifəliyinə iqrarı, habelə digər doğru inancları canvermə halında olan insana başa düşəcəyi şəkildə təlqin etmək müstəhəbdir. Həmçinin, deyilənlərin ölüm anınadək təkrar edilməsi də müstəhəbdir. Ədilə duasının oxunması da məqsədəuyğun hesab edilir.
Məsələ 660. Aşağıdakı duanı can verən şəxsə başa düşəcəyi şəkildə təlqin etmək müstəhəbdir:
“Allahumməğfir li əl-kəsirə min məasikə, vəqbəl minni əl-yəsirə min taətik. Ya mən yəqbəlul-yəsirə və yəfu ənil-kəsir. İqbil minni əl-yəsirə, vəfu ənni əl-kəsirə. İnnəkə əntə əl-afuvvul-ğafur. Allahummərhəmni fəinnəkə rəhim”.
(Allahım, mənim sayı çox olan günahlarımı bağışla və məndən Sənə göstərdiyim asan itaəti qəbul et! Ey asan olanı (itaətləri) qəbul edib, çox olanı (günahları) əfv edən! Məndən asan olanı qəbul et və çox olanı (həddi-hüdudu keçən günahlarımı) bağışla! Həqiqətən, Sən əfv edən, bağışlayansan! Allahım mənə rəhm et, axı Sən rəhimlisən!)
Həmçinin, aşağıdakı duadan ibarət olan “kəlimati-fərəc”in (qurtuluş sözləri) də can verən şəxə təlqin edilməsi müstəhəbdir:
“La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Subhanəllahi rəbbis-səmavatis-səbi və rəbbil-ərəzinəs-səb və ma fihinnə və ma beynəhunnə və rəbbil-ərşil-əzim. Vəl-həmdu lillahi rəbbil-aləmin”.
(Həlim və kərim Allahdan başqa tanrı yoxdur! Uca və əzəmətli Allahdan başqa tanrı yoxdur! Yeddi göyün, yeddi yerin, onların üzərində (daxilində) və arasında olanların rəbbi və əzəmətli ərşin rəbbi olan Allah hər bir eyb və nöqsandan uzaqdır! Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur!)
Məsələ 661.Can verənin rahatlıq tapması üçün onun başı üstündə mübarək Yasin, Saffat və Əhzab surələrini, Ayətəl-kürsini, Əraf surəsinin 54-cü ayəsini, Bəqərə surəsinin son üç ayəsini və hətta mümkün olduqca daha çox Quran oxumaq müstəhəbdir.
Məsələ 662. Çətinliklə can verən şəxsi narahat olmayacağı təqdirdə namaz qıldığı yerə aparmaq müstəhəbdir.
Məsələ 663. Can verən şəxsi tək qoymaq, onun qarnının üzərinə ağır bir şey qoymaq, cünub və haiz insanların onun yanında olması, həmçinin onun başı üstündə çox danışmaq, ağlamaq və onu təkcə qadınların əhatəsində qoymaq məkruhdur.

Meyitin dəfnə hazırlanması ilə bağlı ümumi hökmlər
Məsələ 664. Ölümdən sonra meyitin gözlərinin, dodaqlarının və çənəsinin örtülməsi, əl və ayaqlarının düzgün qaydada uzadılması və üzərinə bir parça örtülməsi, gecə vəfat etdiyi təqdirdə can verdiyi yerdə çıraq yandırılması, habelə dəfn mərasimində iştirak etmək üçün möminlərə xəbər verilməsi və dəfninin təxirə salınmadan həyata keçirilməsi müstəhəbdir. Lakin ölümünün gerçəkləşdiyinə dair yəqinlik hasil edilmədiyi təqdirdə müəyyənləşənədək gözləmək lazımdır. Həmçinin, əgər meyit hamilə qadındırsa və bətnindəki uşaq diridirsə, bu halda dəfni uşaq cərrahi müdaxilə yolu ilə bətnindən azad edilənə və kəsilmiş yer tikilənədək təxirə salınmalıdır. Bu hökm 768-ci məsələdə təfsilatı ilə izah ediləcəkdir.
Məsələ 665. Müsəlmanın qüsl, hənut vurulma, kəfənlənmə, namaz və dəfninin həyata keçirilməsi, hərçənd isnaəşəri şiə olmasa belə, ilk növbədə onun şəri vəlisinə vacibdir. Meyitin vəlisi bu işləri ya şəxsən həyata keçirməli, ya da başqa bir şəxsə həvalə etməlidir.
Məsələ 666. Meyitin hazırlanması, o cümlədən qüsl edilməsi, kəfənlənməsi, ona hənut vurulması, namaz qılınması və dəfninin onun şəri vəlisinin icazəsi ilə həyata keçirilməsi vacibdir və əgər bir şəxs bu işləri vəlidən icazə alaraq yerinə yetirərsə, bu məsuliyyət vəlinin üzərindən götürülür. Hətta bir şəxsin kəfənləmə, hənut vurma və dəfn kimi qəsdi-qürbətlə (Allaha yaxınlaşmaq niyyəti ilə) edilməsi şərt sayılmayan işləri vəlinin icazəsi olmadan, ancaq şəriətin göstərişlərinə uyğun qaydada yerinə yetirdiyi təqdirdə də bu işlərin icrası vəzifəsi vəlinin üzərindən götürülür və onun sözügedən işləri yenidən yerinə yetirməsinə ehtiyac yoxdur. Lakin qüsl və meyit namazı kimi qəsdi-qürbətin şərt sayıldığı işləri kimsə vəlinin icazəsi olmadan yerinə yetirərsə, kafi sayılmır.
Məsələ 667. Vəlinin icazəsi onun sözü yaxud işarəsi ilə birbaşa yaxud müxtəlif yolla ola bilər. Həmçinin başqa yolla vəlinin bir yaxud bir neçə şəxsin vasitəsi ilə meyyitin hazırlanma işlərinə razı olmasına yəqinlik yaranarsa kifayətdir.
Məsələ 668. Evli qadının vəlisi onun əridir. Digər hallarda isə varislər “irs dərəcələri” mövzusunda izah ediləcək ardıcıllıq üzrə meyitin vəlisi sayılır və hər dərəcədə kişilər qadınlardan öncə gəlir. Belə ki, məsələn, əgər ilk dərəcədən olan varislər ana və oğuldursa (gələcəkdə izah ediləcək şərtlərlə), vəli oğul sayılır. Lakin əgər vəfat edən şəxsin tələb olunan şərtlərə cavab verən oğlu yoxdursa, onun vəlisi anası sayılır və bu xüsuda növbə sonrakı (ikinci) təbəqəyə çatmır. Meyitin qohum-əqrəbasından kimsə sağ deyilsə, yaxud onlardan hər hansı biri sağ olsa da, şəri vəlilik səlahiyyətinə malik deyilsə, məsələn, dəlidirsə və beləliklə, varislikdə növbə şəriət hakiminə, yaxud adil möminlərə çatırsa, bu halda şəriət hakimi, yaxud adil möminlərin meyitin dəfnə hazırlanması xüsusunda vəliliyi sübuta yetirilməmişdir və belə bir meyit şəri vəlisiz sayılır.
Qeyd etmək lazımdır ki, vəfat edənin atasının oğlundan, babasının qardaşından, əmisinin dayısından öncə gəlməsi ehtiyatın tələbidir. Həmçinin, atabir və anabir qardaşın yalnız atabir, yaxud yalnız anabir olan qardaşdan öncə gəlməsi və yalnız atabir olan qardaşın da yalnız anabir olan qardaşdan öncə gəlməsi ehtiyatın tələbidir. Beləliklə, belə məqamlarda ehtiyatın tələbinə riayət etməkdən imtina etməmək lazımdır.
Məsələ 669. Əgər meyitin birdən artıq sayda vəlisi olarsa, məsələn, bir neçə oğlu və bir neçə qardaşı olarsa, meyitin dəfnə hazırlıq işləri üçün onlardan birindən icazə almaq kifayətdir, hərçənd müstəhəb ehtiyata əsasən, onların hamısından icazə alınmalıdır.
Məsələ 670. Həddi-büluğa çatmayan uşaq, dəli və həmçinin, şəxsən, yaxud başqa bir şəxsə həvalə etmək surəti ilə meyitin dəfnə hazırlanması işlərini öz öhdəsinə götürə bilməyən qaib (hazır olmayan, uzaqda olan və ya itkin düşmüş) şəxs bu xüsusda vəlilik səlahiyyətinə malik olmayan şəxslərdir.
Məsələ 671. Aşağıdakı hallarda vəlinin icazəsi zəruriliyini itirir və meyitin dəfnə hazırlanması digər mükəlləflərə kifayi vacibdir(1):
a) şəri vəli meyitin dəfnə hazırlanması ilə əlaqədar işlərin şəxsən, yaxud başqa bir şəxsə həvalə etmək surəti ilə icrasından imtina etdikdə;
b) vəli əlaqə saxlamaq mümkün olmayacaq şəkildə qaib olduqda və növbəti dərəcədən yaxınlar arasında da meyit üçün şəri vəli olmadıqda;
c) vəli dəli olduqda və növbəti dərəcədən yaxınlar arasında da meyit üçün şəri vəli olmadıqda;
ç) meyitin şəri vəlisi olmadıqda.
Məsələ 672. Əgər insan vəlisindən başqa bir şəxsə öldükdən sonra ona şəxsən qüsl verməsini, yaxud cənazəsini kəfənləməsini, yaxud onun üçün cənazə namazı qılmasını və ya onu dəfn etməsini vəsiyyət edərsə, həmin şəxsin bu vəsiyyəti qəbul etməsi vacib deyil, lakin qəbul etdiyi təqdirdə ona əməl etməlidir və bu halda vəlinin icazəsinə də ehtiyac yoxdur.
Məsələ 673. Əgər insan vəlisindən başqa bir şəxsə qüsl, kəfən, namaz və dəfn xüsusunda vəliliyin onda olmasını, onunmeyitin dəfnə hazırlıq işlərinişəxsən həyata keçirə, yaxud başqa bir şəxsə tapşıra biləcək şəkildə öz öhdəsinə götürərəkqəyyum olmasını vəsiyyət edərsə, vacib ehtiyata əsasən, həmin şəxs bu işdə həddən ziyadə çətinlik çəkməyəcəyi təqdirdə vəsiyyəti qəbul etməlidir. Lakin həmin şəxs vəsiyyət edənin sağlığında vəsiyyəti qəbul etməkdən imtina edərsə, onun imtinası ilə bağlı xəbər vəsiyyət edənə çatarsa və o, başqa bir şəxsə vəsiyyət edə bilərsə, bu halda vəsiyyəti qəbul etmək vacib deyil.
Məsələ 674. Bir şəxs meyitin vəlisi olduğunu, yaxud meyitin vəlisinin ona meyitin qüsl, kəfənləmə və dəfn işlərini yerinə yetirmək üçün icazə verdiyini, yaxud özünün meyitin dəfnə hazırlıq işlərinin icrası ilə bağlı vəsiyyət etdiyi şəxs olduğunu söyləyərsə, sözləri insanlarda arxayınlıq hasil edərsə, yaxud meyit onun sərəncamında olarsa və ya iki adil şəxs onun sözlərinin doğruluğuna şahidlik edərsə, onun sözünü qəbul etmək lazımdır.
Məsələ 675. Əgər bir şəxs meyitin işləri ilə məşğul olarsa, başqalarına bu işlərlə məşğul olmaq vacib deyil. Lakin əgər o, bu işləri yarımçıq qoyarsa, başqaları başa çatdırmalıdır.
Məsələ 676. Əgər insan başqa bir şəxsin meyitin işləri ilə məşğul olduğuna əmin olarsa, bu işlərlə məşğul olması vacib deyil. Lakin əgər şəkk, yaxud güman edərsə, məşğul olmalıdır.
Məsələ 677. Bir şəxs meyitin qüsl, kəfən, namaz, yaxud dəfninin düzgün olmayan qaydada icra edildiyini bilərsə, həmin işi (işləri) yenidən icra etməlidir. Lakin sözügedən işlərin batil olduğunu güman edərsə, yaxud düzgün olub-olmadığına şəkk edərsə, bu işləri icra etməsinə ehtiyac yoxdur.
Məsələ 678. Vəfat edən müsəlmanı kişi, yaxud qadın olmasından, həddi-büluğa çatıb-çatmamasından asılı olmayaraq, hətta yeni doğulmuş körpə olsa belə, meyit qüslü etmək, kəfənə bürümək, cəsədinə hənut vurmaq, ona cənazə namazı qılmaq və onu dəfn etmək lazımdır (altı yaşdan aşağı uşaqlar üçün meyit namazı və abort nəticəsində tələf olmuş uşaqla bağlı hökmlər gələcəkdə izah ediləcəkdir).
Məsələ 679.Müsəlman sayılan, yaxud müsəlman hökmündə olan tələf olmuş uşağın (dölün) yaşı qəməri təqvimlə dörd ay və ya daha artıqdırsa, mükəlləf insanlar kimi meyit qüslü edilməli, kəfənlənməli, hənut vurulmalı və dəfn edilməlidir. Hətta əgər dörd aylıq olmasa belə, orqanizminin inkişafı tamamlanmış olarsa, vacib ehtiyata əsasən, ona mükəlləf insanlar kimi meyit qüslü etmək, kəfənə bürümək, bədəninə hənut vurmaq və dəfn etmək lazımdır. Beləliklə, qeyd edilən özəlliklərə sahib olan tələf olmuş uşağı spirt, yaxud digər məhlulların içərisində nümayiş və bənzər məqsədlərlə laboratoriyalarda və ya digər yerlərdə saxlamaq olmaz.
Məsələ 680. Müsəlman uşağın, hərçənd zina nəticəsində dünyaya gəlmiş olsa belə, qüsl, kəfənlənmə, hənut və dəfni vacibdir. Uşaqlıqdan dəli olan və həddi-büluğ yaşına da dəli olaraq daxil olan şəxsin atası, yaxud anası müsəlman olduğu təqdirdə müsəlmanlarla bağlı hökm ona da şamil olunur və digər müsəlmanlar kimi qüsl edilməli, kəfənlənməli və dəfn edilməlidir.
Məsələ 681. Kafir insanın və onun uşaqlarının şəriətə uyğunluq ünvanı ilə qüsl edilməsi, kəfənlənməsi, bədənlərinə hənut vurulması və dəfn edilməsi caiz deyil. Lakin əgər kafirin uşağı müməyyiz (yaxşı ilə pisi ayırd edə bilən) olarsa və müsəlman olduğunu izhar edərsə, müsəlman sayılır və digər müsəlmanlar kimi qüsl edilməli, kəfənlənməli və dəfn edilməlidir.
Məsələ 682. Aşağıdakı hallarda meyiti qüsl etmək, kəfənə bürümək və ona hənut vurmaq vacib deyil:
1) Müfəssəl kitablarda qeyd edilən şərtlərlə döyüş meydanında can verən şəhid üçün qüsl, kəfən və hənut yoxdur, onun nəşinə namaz qılınmalı və əynindəki geyimlərlə dəfn edilməlidir.
2) Rəcm (daşqalaq), yaxud qisas hökmü ilə öldürülməsi vacib olan şəxsin qüsl, kəfən və hənutu daha müfəssəl kitablarda izah edilən qaydada hökmün icrasından öncə özü tərəfindən yerinə yetirilməli və hökmün icrasından sonra cənazə namazı qılınaraq dəfn edilməlidir.
3) Tələf olmuş döl (müsəlman sayılır, yaxud müsəlman hökmündədir) qəməri təqvimlə dörd aylıq olmadığı və orqanizminin inkişafı başa çatmadığı təqdirdə onun üçün qüsl, hənut və meyit namazı yoxdur və vacib ehtiyata əsasən, onu bir parçaya bükərək dəfn etmək lazımdır.
4) Meyitin üzvlərinin bir-birindən ayrıldığı və bəzi üzvlərinin tapılmadığı bir qisim hallarda onun üçün qüsl edilmir, kəfənlənmir və hənut vurulmur. Bu hallarla bağlı daha ətraflı izah və hökmlər də daha müfəssəl kitablarda öz əksini tapmışdır.

Meyit qüslü
Meyit qüslünün şərtləri
Məsələ 683. Meyit qüslünün bir sıra şərtləri vardır. O cümlədən:
- qüsl qəsdi-qürbət (Allaha yaxınlaşmaq niyyəti) və ixlasla edilməlidir;
- qüsl suyu pak olmalı və vacib ehtiyata əsasən, irin kimi insanın iyrəndiyi şeylərə bulaşmış olmamalıdır;
- qüsl suyu, sidr və kafir qəsb edilmiş olmamalıdır;
- qüsl əzalarında suyun təmasının qarşısını ala biləcək bir maneə olmamalıdır;
- meyitin bədən üzvləri özlüyündə nəcis sayılan şeylərdən (idrar, nəcis və qan kimi) təmizlənməlidir;
- qüsl cəsədin dağılmasına (parçalanmasına,) səbəb olmamalıdır;
- qüsl meyitin şəri vəlisinin icazə ilə edilməlidir;
- qüslü icra edən şəxs qarşıda izah ediləcək şərtlərə cavab verməlidir.
Məsələ 684. Meyitə qüsl etmək üçün muzd almaq, lazım ehtiyata əsasən, haramdır və əgər bir şəxs qəsdi-qürbətlə uzlaşmayacaq şəkildə muzd almaq üçün meyitə qüsl edərsə, həmin qüsl batildir. Lakin qüslə hazırlıq işləri müqabilində muzd almaq haram deyil.
Məsələ 685. Qüslü yerinə yetirən şəxs qüsl suyunun meyitin bütün üzvlərini yuduğuna dair yəqinlik, yaxud arxayınlıq hasil etməlidir. Beləliklə, əgər meyitin üzvlərində plastır, boya, lak kimi suyun dəriyə toxunmasının qarşısı alan bir şey olarsa, qüsldən öncə və ya qüsl əsnasında həmin üzvü yuyarkən aradan qaldırılmalıdır.
Məsələ 686. Əgər meyitin üzvlərində qan kimi özlüyündə nəcis olub suyun bədənlə təmasına maneə hesab edilən, yaxud qüsl suyunun özlüyündə nəcis olan bir şeyin rəngini, iyini, yaxud dadını almasına səbəb olan bir şey vardırsa, qüsldən öncə və ya qüsldə həmin nahiyənin yuyulmasına çatmamış təmizlənməlidir və müstəhəb ehtiyatın tələbi budur ki, bu iş meyit qüslünə başlamazdan öncə yerinə yetirilsin.

Meyit qüslünü icra edən şəxs üçün şərtlər
Məsələ 687. Meyiti qüsl edən şəxs aqil, müsəlman,(2) meyitin həmcinsi olmalı (qarşıda qeyd ediləcək hallar istisna olmaqla), habelə qüsl məsələlərini hərçənd qüsl əsnasında başqalarının təlimi və göstərişləri sayəsində olsa da bilməli və vacib ehtiyata əsasən, isnaəşəri şiə olmalıdır. Əlbəttə, əgər meyit isnaəşəri şiə olmayan müsəlman olarsa və onu özü ilə eyni məzhəbdən olan bir insan məzhəbinə uyğun qaydada qüsl edərsə, isnaəşəri şiələrin üzərindən bu vəzifə götürülür və onu yenidən qüsl etmək lazım deyil. Bir isnaəşəri şiə meyitin vəlisi olarsa, bu halda istisna olaraq onun üzərindən bu mükəlləfiyyət götürülmür.
Məsələ 688. Kişi naməhrəm qadına meyit qüslü edə bilməz və həmçinin, qadın da naməhrəm kişiyə meyit qüslü edə bilməz. 690-cı məsələdə qeyd ediləcək bir hal istisna təşkil edir.
Məsələ 689. Qüslü icra etmək üçün meyitin həmcinsi olan isnaəşəri şiə tapılarsa, vacib ehtiyata əsasən, meyitin məhrəmləri 690 və 691-ci məsələlərdə qeyd ediləcək hal istisna olmaqla onu qüsl etməməlidir. Lakin qüslü icra etmək üçün isnaəşəri şiə və meyitin həmcinsi olan bir şəxs tapılmazsa, meyiti məhrəmləri onu qüsl edə bilər və bu halda növbə meyitin həmcinsi olan, isnaəşəri şiə olmayan şəxsə çatmır.
Qeyd etmək lazımdır ki, məhrəmlərin ana və bacı kimi nisbi məhrəmlər (ailə mənsubları) olması ilə süd vermə və ya izdivac səbəbi ilə məhrəm olması arasında bir fərq yoxdur.
Məsələ 690. Kişi müməyyiz olmayan qız uşağına meyit qüslü edə bilər və qadın da müməyyiz olmayan oğlan uşağına meyit qüslü edə bilər. Lakin hər iki halda, müstəhəb ehtiyata əsasən, müməyyiz olmayan uşaq 3 yaşdan böyük olmamalıdır. Bu məsələdə müməyyiz olmayan uşağın qüslü icra edənin məhrəmlərindən olması ilə naməhrəm olması arasında fərq yoxdur.
Məsələ 691. Ər-arvad hərçənd meyitin həmcinsi olan bir şəxs tapılsa belə bir-birinə meyit qüslü edə bilər. Ölüm səbəbi ilə şəri ər-arvad bir-birinə naməhrəm olmur və insanın həyat yoldaşının cansız bədəninə şəhvət hissi və həzz almaq məqsədi olmadan baxmasına məhdudiyyət qoyulmur.
Məsələ 692. Meyitin məhrəm yerlərinə(3) baxmaq (ər-arvad və müməyyiz olmayan uşaq istisna olmaqla)(4), hərçənd baxan şəxs meyitin məhrəmlərindən olsa belə, haramdır. Meyiti qüsl edən şəxs onun məhrəm yerlərinə baxarsa, günah etmiş sayılır, lakin meyit qüslü batil olmur. Ər və arvadın isə qüsl əsnasında bir-birinin məhrəm yerlərinə baxması, hərçənd məkruh sayılsa da, caizdir. Həmçinin, qüsl edilərkən müməyyiz olmayan uşağın məhrəm yerlərinə baxmaq caizdir.
Məsələ 693. Əgər meyit və onu qüsl edən şəxsin hər ikisi həddi-büluğa çatmış kişi olarsa, yaxud hər ikisi həddi-büluğa çatmış qadın olarsa, meyitin məhrəm yerləri istisna olmaqla bədəninin başqa yerlərinin çılpaq olması caizdir, lakin daha yaxşı olar ki, meyit paltarın altından qüsl edilsin. Bu hökm, həmçinin, meyitin həddi-büluğa çatmayan müməyyiz uşaq olduğu və həmcinsi olan həddi-büluğ yaşını keçmiş kişi, yaxud qadının onu qüsl etmək istədiyi hala da şamildir.
Məsələ 694. Meyit qüslündə qüslü yerinə yetirənin həddi-büluğa çatmış insan olması şərt deyil, müməyyiz bir uşaq meyit qüslünü düzgün qaydada yerinə yetirə bilərsə, onun etdiyi qüsl kafidir.

Meyit qüslünün icrası qaydaları və onunla əlaqədar hökmlər
Məsələ 695. Meyitə aşağıdakı ardıcıllıqla üç qüsl etmək vacibdir:
1) sidr qarışdırılmış su ilə;
2) kafur qarışdırılmış su ilə;
3) saf su ilə.
Məsələ 696. Meyit qüslü cənabət qüslü kimidir və vacib ehtiyata əsasən, tərtibi qaydada qüsl etmək mümkün olduqca meyit irtimasi qüsllə yuyulmamalıdır. Tərtibi qaydada meyit qüslündə fasiləsiz ardıcıllığa riayət etməyə ehtiyac yoxdur, lakin meyitin bədəninin sağ tərəfi sol tərəfindən öncə yuyulmalıdır.
Məsələ 697. Sidr və kafur suyu muzaf suya çevirəcək qədər çox və “suya sidr, yaxud kafur qarışdırılmamışdır” deyiləcək qədər də az olmamalıdır.
Məsələ 698. Əgər lazım olan miqdarda sidr və kafur tapılmazsa, müstəhəb ehtiyata əsasən, suya əldə edilən miqdarda tökülməlidir.
Məsələ 699. Əgər sidr və kafur, yaxud onlardan biri tapılmazsa, yaxud istifadəsi caiz olmazsa, məsələn, qəsb edilmiş olarsa, vacib ehtiyata əsasən, onlardan mümkün olmayanının yerinə onu əvəz etmək niyyəti ilə saf su ilə qüsl edilməlidir və bu üç qüsldən əlavə, vacib ehtiyata əsasən, meyitə bir dəfə təyəmmüm də edilməlidir.
Məsələ 700. Bir şəxs ehram halında vəfat edərsə, kafurlu su ilə qüsl edilməməli, onun yerinə saf su ilə qüsl edilməlidir. Lakin əgər təməttü həccinin ehramında idisə və təvafını, namazını və səy (Səfa və Mərvə arasındakı məsafəni yeddi dəfə qət etmək) hərəkətini başa çatdırmışdısa, yaxud qiran və ya ifrad həccinin ehramında idisə və saçını qırxmışdısa, bu iki halda istisna olaraq kafurlu su ilə qüsl edilməlidir.
Məsələ 701. Heyz, yaxud cənabət halında dünyasını dəyişən şəxsin heyz, yaxud cənabət qüslü ünvanı ilə yuyulmasına ehtiyac yoxdur, onun üçün meyit qüslü kifayətdir.
Məsələ 702. Vacib ehtiyata əsasən, meyitin dırnağını hətta uzun olsa belə tutmaq caiz deyil. Həmçinin, vacib ehtiyata əsasən, meyitin bədənindəki tükləri (saçını, saqqalını, qoltuq nahiyəsində və qarnının altındakı tükləri) yolmaq, dartmaq, yaxud qırxmaq kimi üsullarla təmizləmək, məhv etmək caiz deyil.
Məsələ 703. Meyit sağlığında sünnətsiz idisə, onun ölümündən sonra sünnət edilməsi caiz deyil.
Məsələ 704. Böyük fəqihlər (Allah onlardan razı olsun!) bir sıra hərəkətləri meyit qüslünün müstəhəb və məkruh işləri kimi qeyd etmişlər. Yerinə yetirilməsinin qüslü kamilliyinə və savabın artmasına səbəb olacağına ümid edilən bu işlər müfəssəl kitablarda qeyd edilmişdir.

Meyitin təyəmmümü
Məsələ 705. Meyiti su tapılmadıqda, yaxud sudan istifadənin cəsədin parçalanmasına, ət, dəri, yaxud sümüyünün bədəndən qopmasına səbəb olması kimi şəriətə görə sudan istifadə üçün məhdudiyyət qoyulan hallarda təyəmmüm etmək olar. Bu hallarla bağlı daha artıq şərhə daha müfəssəl kitablarda rast gəlmək olar.
Məsələ 706. Meyitə təyəmmüm edildiyi hallarda təyəmmümü icra edən şəxs onun hərəkətlərini meyitin əlləri ilə deyil, öz əlləri ilə həyata keçirməlidir. Hərçənd, müstəhəb ehtiyata əsasən, öz əlləri ilə təyəmmüm etməklə yanaşı, mümkün olduğu təqdirdə meyit üçün onun əlləri ilə də təyəmmüm etməlidir.
Məsələ 707. Meyitin qüsl edilməsinin mümkün olmadığı və vəzifənin onun üçün təyəmmüm edilməsi olduğu hallarda meyitə bir dəfə şəri vəzifəni yerinə yetirmək niyyəti ilə təyəmmüm etmək kifayətdir. Hərçənd, müstəhəb ehtiyata əsasən, meyitə üç qüslün əvəzinə üç dəfə təyəmmüm edilməli və üç təyəmmümdən birində “ma fiz-zimmə” niyyəti(5) edilməlidir.
Məsələ 708. Meyitin təyəmmümündə insanın özünün təyəmmüm etməsi ilə bağlı “Təyəmmüm” mövzusunda şərh ediləcək şərtlərlə yanaşı digər məqamlar və şərtlər də vardır. O cümlədən:
- təyəmmümü yerinə yetirən şəxs qəsdi-qürbət (Allaha yaxınlaşmaq) niyyətinə sahib olmalıdır;
- meyitin təyəmmüm edilməsi mümkün olmalıdır;
- suyun tapılması, yaxud meyitin yuyulmasının mümkünlüyünə dair ümidlər tükənmiş olmalıdır;
- təyəmmüm meyitin şəri vəlisinin icazəsi ilə yerinə yetirilməlidir;
- təyəmmümü yerinə yetirən şəxs meyit qüslünü icra edən şəxs üçün irəli sürülən tələblərə cavab verməlidir.
Bu şərtlərdən hər birinin izahı daha müfəssəl kitablarda öz əksini tapmışdır.

Meyitin kəfəni ilə əlaqədar hökmlər
Məsələ 709. Müsəlmanın cəsədini kəfənin vacib parçaları sayılan “fitə”, “köynək” və “sərtasər”adlı üç parça ilə kəfənləmək lazımdır.
Məsələ 710. Kəfənin üç əsas özünəməxsus parçası aşağıdakılardan ibarətdir:
1) Fitə - Vacib ehtiyata əsasən, bədənin göbəkdən dizədək olan hissəsini tamamilə bürüməlidir. Daha yaxşı olar ki, bədənin sinədən ayaqların üstünədək hissəsini örtsün.
2) Köynək – Vacib ehtiyata əsasən, bədənin çiyinin yuxarısından baldırın ortasınadək hissəsini bütünlüklə örtməlidir. Daha yaxşı olar ki, ayaqların üstünədək olan hissəni də örtsün.
3) Sərtasər – Bədəni tamamilə bürüyəcək ölçüdə olmalıdır. Vacib ehtiyata əsasən, uzunluğu həm baş, həm də ayaq tərəfdən bağlana biləcək ölçüdə, eni isə bir tərəfi digər tərəfinin üstünədək çatacaq ölçüdə olmalıdır.
Məsələ 711. Kəfənin üç parçasının birlikdə bədəni nümayiş etdirməyəcək şəkildə olması vacibdir və meyitin başdan ayağadək bütün bədəni onların altından görünməməlidir. Hətta müstəhəb ehtiyata əsasən, kəfənin parçalarının üçü də cəsədin onların altından görünə biləcəyi qədər nazik olmamalıdır.
Məsələ 712. Kəfənin vacib parçalarının üçü də vahid parça halında olmalıdır. Beləliklə, əgər sərtasər kimi istifadə edilmək istənilən parça kiçik olarsa və cəsədin tamamilə örtülməsi üçün onunla yanaşı başqa bir parçadan istifadə edilərsə, kafi sayılmır. Lakin əgər sözügedən iki parça tikmək kimi üsullarla ürfən vahid parça sayılacaq və meyitin bütün bədənini örtəcək şəkildə bir-birinə birləşdirildiyi halda istisna olaraq kafi sayılır.
Məsələ 713. Kəfən parçasının bədənlə bilavasitə təması zəruri sayılmır. Beləliklə, əgər cəsədi plastik torbaya qoyaraq sonra kəfənləsələr, bu öz-özlüyündə kəfənləmənin doğruluğuna xələl gətirmir.
Məsələ 714. Meyitin kəfənlənməsində qəsdi-qürbət, hərçənd müstəhəb ehtiyatın tələbi olsa da, şərt deyil.
Məsələ 715. 710-cu məsələdə izah edilən qaydada vacib sayılan ölçüdə kəfən meyitin əmlakının əslihesabına (yəni varislər arasında bölünməzdən öncə) təmin edilir. Hətta müstəhəb sayılan ölçüdə kəfəni də normal çərçivədə, meyitin sosial vəziyyətini nəzərə almaqla onun əmlakının əsli hesabına təmin etmək olar. Hərçənd, müstəhəb ehtiyata əsasən, kəfənin ölçüsünün vacib sayılandan artıq olan hissəsinin xərci həddi-büluğa çatmayan, yaxud dəli varisinin miras payından götürməsinlər. Meyitin dəfnə hazırlanması və dəfni ilə əlaqədar digər xərclər, o cümlədən sidr, kafur, qüsl suyu, cənazənin daşınması, qəbrin qazılması və qəbir yeri üçün çəkilən xərclər də kəfən kimidir, yəni onları vəfat edənin əmlakının əslindən (yəni varislər arasında bölünməzdən öncə) götürmək olar.
Məsələ 716. Bir şəxs kəfəninin müstəhəb sayılan hissəsini onun əmlakının üçdə biri hesabına təmin etməyi vəsiyyət edərsə, yaxud əmlakının üçdə birini öz işləri üçün məsrəf etməyi vəsiyət edər, lakin necə məsrəf ediləcəyini müəyyən etməzsə, yaxud onun yalnız bir hissəsinin necə məsrəf ediləcəyini müəyyən edərsə, onun kəfəninin müstəhəb ölçüsünün, hərçənd normal ölçüdən artıq olsa belə, əmlakının üçdə birindən götürmək olar.
Məsələ 717. Əgər vəfat edən şəxs kəfəninin əmlakının üçdə biri hesabına təmin edilməsini vəsiyyət etməzsə və dəfn işlərini icra edənlər kəfənin pulunu onun əmlakının əslindən götürmək istəyərlərsə, kəfənin vacib və ondan əlavə vəfat edənin sosial vəziyyəti nəzərə alınmaqlanormal hesab edilən müstəhəb ölçüsündən artığının pulu əmlakın əslindən götürülməməlidir. Lakin həddi-büluğa çatmış, aqil varislərin icazəsi ilə onların miras payından artıq xərcləri çıxmaq olar. Həmçinin, meyitin basdırılması kimi digər hazırlıq işləri üçün də normadan artıq xərclər çəkmək istəsələr, artıq xərclər üçün vəsaiti əmlakın əslindən götürməməlidirlər və bu vəsaiti həddi-büluğa çatmış, aqil varislərin icazəsi ilə onların miras payından götürmək olar. Buna əsasən, əgər meyitin sosial statusuna uyğun olan bəzi yerlərdə dəfn ödənişsiz olarsa və başqa yerlərdə dəfn üçün ödəniş tələb edilərsə, ödənişsiz olan yerdə dəfn tərcih edilməlidir və bu halda varislər onu ödəniş tələb edilən yerdə dəfn etmək istəyərsə, həmin məbləği əmlakın əslindən götürə bilməzlər, lakin həddi-büluğa çatmış, aqil varislərin icazəsi ilə onların miras payından götürmək olar.
Məsələ 718. Evli qadının kəfən təminatı, hərçənd azyaşlı, yaxud dəli olsa da, yaxud əri onunla cinsi əlaqədə olmasa da və ya zəngin olsa, şəxsi əmlakı olsa da, ərinin öhdəsinə düşür. Həmçinin, əgər qadın müvəqqəti nikahda olarsa, yaxud ərinin intim ehtiyaclarını təmin etməkdən imtina edər və itaətsizlik göstərərsə, habelə əgər talaq hökmlərində izah ediləcək qaydada rici talaqla boşanarsa və iddə müddəti başa çatmamış dünyasını dəyişərsə, əri onun kəfənini təmin etməli, ər həddi-büluğa çatmamış olduğu, yaxud dəli olduğu təqdirdə isə ərin vəlisi onun əmlakı hesabına kəfənin xərcini çəkməlidir.
Məsələ 719. Qadının kəfəninin ərinə vacib olması xüsusunda arvadın ölümünün ərin ölümü ilə eyni zamanda və ya ondan sonra baş verməməsi, başqa bir şəxsin qadının kəfənini pulsuz vermiş olmaması və kəfənin hazırlanmasının ər üçün həddən ziyadə çətin olmaması şərt sayılır. Beləliklə, əgər ər kəfəni təmin etmək üçün borc almağa, yaxud girov qoyduğu bir əmlakı girovluqdan azad etməyə məcbur olarsa və bu işlərin görülməsi onun üçün həddən ziyadə çətin olmazsa (əsasən, dözülməz hesab edilməzsə), bu işləri görməlidir. Əgər qadın kəfəninin öz əmlakı hesabına alınmasını vəsiyyət edərsə və onun vəsiyyətinə əməl edilərsə, kəfən xərci ərin öhdəsindən götürülür.
Məsələ 720. Vəfat edən şəxsin kəfəninin təmin edilməsi onun qohumları üçün, hətta sağlığında ehtiyaclarının ödənilməsi həmin qohuma vacib olan bir şəxs olsa da, vacib deyil.
Məsələ 721. Əgər vəfat edən şəxsin kəfən almaq üçün əmlakı (mirası) qalmasa, onun çılpaq halda dəfn edilməsi caiz deyil, əksinə müsəlmanlara vacibdir ki, onu kəfənləsinlər və bu zaman kəfən xərcini öz mallarının zəkatından hesab edə bilərlər.
Məsələ 722. Meyiti qəsb edilmiş parça və ya bu qəbildən olan şeylərlə kəfənləmək, hərçənd mübah parça və ya başqa bir şey tapılmasa belə, caiz deyil. Meyitin kəfəni qəsb edilmiş mal olarsa və sahibi də razılıq verməzsə, hətta dəfn edilmiş olsa belə, onu meyitin bədənindən çıxarmaq lazımdır. Lakin başqa kitablarda təfsilatı ilə izah edilmiş bir sıra hallar istisna təşkil edir.
Məsələ 723. Meyiti nəcasətlənmiş parça ilə kəfənləmək - hərçənd namazda nəzərə alınmayan bir nəcasət olsa belə - caiz deyil. Həmçinin, meyiti, hətta qadın, yaxud həddi-büluğa çatmamış uşaq olsa da, xalis ipək parça ilə kəfənləmək olmaz. Meyitin qızılla işlənmiş parça ilə kəfənlənməsi, vacib ehtiyata əsasən, caiz deyil, lakin çıxılmaz vəziyyətlərdə bu ehtiyata lüzum yoxdur.
Məsələ 724. Məcburiyyət qarşısında qalmadıqca meyitin nəcis sayılan ölü heyvanın dərisi ilə kəfənlənməsi caiz deyil. Hətta pak sayılan ölü heyvanın dərisi, həmçinin, əti haram olan heyvanın yunundan, yaxud tükündən emal edilmiş parça ilə kəfənlənməsi də, vacib ehtiyata əsasən, məcburiyyət qarşısında qalmadıqca caiz deyil. Lakin əgər kəfən əti halal olan heyvanın tükündən, yaxud yunundan hazırlanmış olarsa,eybi yoxdur, hərçənd müstəhəb ehtiyatın tələbi budur ki, meyit bu ikisi ilə də kəfənlənməsin.
Məsələ 725. Əgər meyitin kəfəni öz nəcasəti, yaxud başqa bir nəcis ilə nəcasətlənərsə - hərçənd namazda nəzərə alınmayan bir nəcasət olsa da – nəcasətlənmiş hissə, hətta qəbrə qoyulduqdan sonra olsa belə, yuyulmalı, yaxud kəfən pozulmayacağı təqdirdə kəsilib götürülməlidir və əgər yumaq, yaxud kəsmək mümkün olmazsa, başqa bir kəfənlə əvəz edilməsi mümkün olduğu halda əvəz edilməlidir.
Məsələ 726. Həcc, yaxud ümrə üçün ehram bağlayan şəxs vəfat edərsə, başqaları kimi kəfənlənməlidir və başının və üzünün örtülməsinin eybi yoxdur.
Məsələ 727. Meyitin kəfəninin müstəhəb parçaları da vardır. Onların, habelə kəfənləmə ilə əlaqədar müstəhəb və məkruh işlərin, eləcə də təkid edilən müstəhəblərdən olan, meyitin yanına qoyulan cəridənin (ağac parçası) izahı daha müfəssəl kitablarda öz əksini tapmışdır.

Hənut ilə əlaqədar hökmlər
Məsələ 728. Qüsl edildikdən sonra meyitin hənut edilməsi, yəni onun alnına, ovuclarına, diz qapaqlarına və ayaqlarının baş barmaqlarına bir hissəsi üzərində qalacaq şəkildə kafur vurulması vacibdir. Bu iş sürtməkdən başqa bir üsulla da yerinə yetirilə bilər.
Məsələ 729. Meyitin hənutu üçün istifadə edilən kafur qəsb edilmiş olmamalı, üyüdülmüş (narın) və yumşaq olmalı, həmçinin təzə və ətirli olmalıdır və əgər köhnə olduğuna görə qoxusunu itirmiş olarsa, kafi sayılmır. Həmçinin, kafur pak olmalıdır. Vacib ehtiyata əsasən, hətta cəsədin nəcasətlənməsinə səbəb olmasa da, pak olmalıdır.
Məsələ 730. Hənutun meyitə qüsl, yaxud təyəmmüm edildikdən sonra və cənazə namazından öncə yerinə yetirilməsi şərtdir. Meyiti kəfənləməzdən öncə, yaxud kəfənləmə əsnasında və ya kəfənləmədən sonra, cənazə namazı qılınmamış hənut etmək olar.
Məsələ 731. Hənutda qəsdi-qürbət şərt deyil. Həmçinin, həddi-büluğa çatmayan, hətta müməyyiz də olmayan uşaq belə etsə, kafidir.
Məsələ 732. Meyitin burnunun ucuna da kafurun sürtülməsi müstəhəbdir. Həmçinin, müstəhəbdir ki, oynaqlarına, sinəsinə, boğazının altındakı çuxura, ayaqların altına və əllərin üstünə də kafur sürtülsün.
Məsələ 733. Müstəhəb ehtiyata əsasən, kafur əvvəlcə meyiti alnına sürtülməlidir, lakin digər nahiyələr arasında hər hansı ardıcıllıq qaydası yoxdur. Həmçinin, müstəhəb ehtiyata əsasən, kafur əllə, daha dəqiq desək, əlin aya hissəsi ilə sadalanan yerlərə sürtülməlidir və daha yaxşı olar ki, meyitin hənutu üçün istifadə edilən kafurun miqdarı yeddi bazar misqalı(6) olsun.
Məsələ 734 . Gözün, burnun, yaxud qulağın içinə kafur vurmaq məkruhdur.
Məsələ 735. Həcc, yaxud ümrə üçün ehram bağlayan şəxs vəfat edərsə, 700-cü məsələdə qeyd edilən iki hal istisna olmaqla onun hənut edilməsi caiz deyil.
Məsələ 736. Etikafda olan insan, əri vəfat edən və hələ iddə müddəti başa çatmayan qadın, hərçənd ətirdən istifadə etmək onlar üçün haram olsa da, vəfat etdikləri təqdirdə hənut edilmələri vacibdir.
Məsələ 737. Müstəhəb ehtiyata əsasən, meyitə müşk, ənbər, ud və digər ətirlər vurulmamalı, habelə bunlar kafurla qarışdırılmamalıdır.
Məsələ 738. Kafura Şəhidlərin sərvəri Həzrət Hüseynin (ə) qəbrinin torpağından bir qədər qarışdırmaq müstəhəbdir. Lakin həmin hörmətsizlik sayılacaq yerlərə sürtülməməlidir. Həmçinin, qarışdırılan türbətin miqdarı kafura kafur deyilməyəcək qədər çox olmamalıdır.
Məsələ 739. Əgər kafur tapılmazsa, yaxud yalnız meyit qüslünə yetəcək qədər olarsa, hənut zəruri sayılmır. Meyit qüslü üçün lazım olan həcmdən artıq olduğu, lakin yeddi üzvün hamısının hənut edilməsi üçün kafi miqdarda olmadığı təqdirdə isə hənut əsas etibarı ilə vacibdir, lakin müstəhəb ehtiyata əsasən, alnın hənutu digər nahiyələrin hənutuna tərcih edilməlidir.
Cənazə namazı
Cənazə namazının vacib olduğu hallar
Məsələ 740. Vəfat etmiş müsəlman, yaxud müsəlman hökmündə olan və qəməri təqvimlə altı yaşı tamam olmuş uşaq üçün cənazə namazı qılmaq vacibdir.
Məsələ 741. Vacib ehtiyata əsasən, qəməri təqvimlə altı yaşı tamam olmayan, lakin namazı başa düşən uşaq üçün cənazə namazı qılınmalıdır, başa düşməyən uşaq üçün isə rəcaən (savab ümidi ilə) qılınmasında məhdudiyyət yoxdur. Ancaq ölü doğulan uşaq üçün namaz qılmaq müstəhəb deyil.
Cənazə namazının şərtləri
Məsələ 742. Cənazə namazının doğru olması üçün bir neçə şərt tələb edilir:
Birinci şərt: Cənazə namazı meyitin qüsl, hənut və kəfənlənməsindən sonra qılınmalıdır və əgər bunlardan öncə, yaxud bunların arasında qılınarsa, hətta unutqanlıq, yaxud məlumatsızlıqdan olsa belə, kafi sayılmır.
İkinci şərt:Cənazəni başı namaz qılanın sağ, ayaqları isə sol tərəfinə düşəcək şəkildə arxası üstü yatırtmaq lazımdır.
Üçüncü şərt: Cənazə namaz qılanın önündə olmalıdır. Beləliklə, əgər cənazə namaz qılanın arxasında olarsa, cənazə namazı doğru deyil. Həmçinin, əgər cənazə namaz qılanın sağında, yaxud solunda olarsa, cənazə namazı doğru deyil. Lakin cənazə namazı camaat halında qılınarsa və sıralar uzun olarsa, bu halda cənazənin müqabilində olmayanların namazına xələl gəlmir. Həmçinin, əgər bir neçə cənazə daha müfəssəl kitablarda izah edilən qaydada yan-yana düzülərsə və insan onların hamısı üçün bir cənazə namazı qılmaq istəyərsə, bəzi cənazələrin onunla üzbəüz olmaması namazın doğruluğuna xələl gətirmir.
Dördüncü şərt: Namaz qılan şəxs cənazədən onun yanında durmaq sayılmayacaq qədər uzaq olmamalıdır, lakin camaat halında qılınan cənazə namazında sıralar bir-birinə birləşmiş olduğu təqdirdə məmumların uzaq olmasının eybi yoxdur. Həmçinin, əgər bir neçə cənazə yan-yana düzülərsə və insan onların hamısı üçün bir cənazə namazı qılmaq istəyərsə, onun bəzi cənazələrdən uzaq olmasının eybi yoxdur.
Beşinci şərt: Cənazə ilə namaz qılan arasında pərdə, divar, yaxud başqa bir maneə olmamalıdır. Lakin cənazənin tabut kimi bir yerdə olması namazın doğruluğuna xələl gətirmir.
Altıncı şərt: Namaz qılanın durduğu yer cənazənin qoyulduğu yerdən həddən ziyadə alçaq, yaxud hündür olmamalıdır. Lakin cüzi alçaqlıq, yaxud hündürlük xələl gətirmir.
Yeddinci şərt: Namaz qılınarkən cənazənin məhrəm yerləri örtülü olmalıdır. Cənazənin kəfənlənməsi mümkün deyilsə, məhrəm yerlərini, hərçənd parça, libas, taxta, kərpic və və bu qəbildən olan şeylərlə örtmək lazımdır.
Səkkizinci şərt: Cənazəyə namaz qılan şəxs aqil olmalı (dəli olmamalı) və məşhur nəzərə əsasən, isnaəşəri şiə olmalıdır. Lakin əgər isnaəşəri şiə olmayan bir şəxs isnaəşəri şiə olmayan bir insanın cənazəsi üçün namaz qılarsa, cənazənin vəlisi olan isnaəşəri şiə istisna olmaqla digər isnaəşəri şiələrin cənazə namazını təkrarən qılmasına ehtiyac yoxdur.
Doqquzuncu şərt: Cənazəyə namaz qılan şəxs üzü qibləyə dayanmalıdır.
Onuncu şərt: Cənazəyə namaz qılan şəxs cənazə namazını ayaq üstə qılmalıdır. Lakin əgər cənazə namazını ayaq üstə qıla biləcək bir şəxs tapılmazsa, cənazə üçün oturaq halda namaz qılmaq olar.
On birinci şərt: Namaz qılan şəxs Allaha yaxınlaşmaq niyyəti ilə və ixlasla namaz qılmalıdır.
On ikinci şərt: Niyyət zamanı, hərçənd icmalən olsa da, cənazəni müəyyənləşdirməli, məsələn: “Bu cənazəyə qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün) namaz qılıram”, - deyə niyyət etməlidir. Yaxud cənazə namazı camaat halında qılındığı təqdirdə məmum:“İmamın namazına niyyət etdiyi cənazə üçün namaz qılıram”, - deyə niyyət etməlidir.
On üçüncü şərt: Hərəkətsizlik qorunmalı, yəni namaz qılan şəxs cənazə namazı əsnasında namaza durmaq sayılmayacaq qədər çox hərəkətli olmamalı, hətta vacib ehtiyata əsasən, bədənin gündəlik namazlar üçün şərt sayılan hərəkətsizliyi cənazə namazında da qorunmalıdır.
On dördüncü şərt: Cənazə namazının təkbir və duaları fasiləsiz ardıcıllıqla oxunmalı, təkbirlər və dualar arasında namazın surəti pozulacaq qədər fasilə verilməməlidir.
On beşinci şərt: Cənazə namazı əsnasında namazın surətini pozacaq istənilən hərəkətdən, vacib ehtiyata əsasən, ümumiyyətlə söhbət etməkdən, qəhqəhə ilə gülməkdən, qibləyə arxa çevirməkdən çəkinmək lazımdır.
On altıncı şərt: Cənazə namazı meyitin şəri vəlisinin izni ilə qılınmalıdır və onun izni olmadan qılınması doğru deyil. Bu məsələ daha öncə ətraflı surətdə izah edilmişdir.
On yeddinci şərt: Cənazə namazı izah ediləcək surətdə qılınmalıdır.
Məsələ 743. Cənazə namazı qılan şəxsin dəstəmaz, qüsl, yaxud təyəmmümlü olmasına, bədəninin və libasının pak olmasına gərək yoxdur. Hətta əgər namaz qılanın paltarı və namazı qıldığı yer, yaxud cənazənin qoyulduğu yer qəsb edilmiş olsa belə, qəsb edən şəxsin günahkar sayılmasına baxmayaraq cənazə namazı doğrudur. Müstəhəb ehtiyata əsasən, insan digər namazlarda riayət edilən bütün şərtlərə cənazə namazında da riayət etməlidir.
Məsələ 744. Cənazə namazında namaz qılanın həddi-büluğa çatmış olması şərt sayılmır. Buna əsasən, namazı doğru qaydada qıla bilən həddi-büluğa çatmayan müməyyiz uşağın qıldığı cənazə namazı kafidir.
Məsələ 745. Vəfat edən insan cənazə namazını müəyyən bir şəxsin qılmasını vəsiyyət edərsə, həmin şəxsin meyitin vəlisindən icazə alması daha yaxşı olsa da, zəruri sayılmır. Lakin əgər vəfat edən şəri vəlisinin müəyyən bir şəxsi onun cənazə namazını qılmaq üçün dəvət etməsini vəsiyyət edərsə, vəlinin icazəsi zəruriliyini itirmir və həmin şəxs meyitin vəlisindən icazə almalıdır.
Məsələ 746. Namazdan sonra dəfnədək cənazə namazının batil olduğu məlum olarsa, yenidən qılınmalıdır.
Məsələ 747. Cənazə qəsdən, unutqanlıqdan və ya üzürlü bir səbəbdən namazsız dəfn edilərsə, yaxud dəfndən sonra ona qılınan namazın batil olduğu məlum olarsa, cənazə namazını qılmaq üçün qəbrinin açılması caiz deyil, lakin vacib ehtiyata əsasən, cəsədi pozulmadıqca rəcaən (savab ümidi ilə) cənazə namazının qeyd edilən şərtlərinə riayət etməklə qəbrinin başında namaz qılmaq lazımdır.

Cənazə namazının qılınma qaydası
Məsələ 748. Cənazə namazının beş təkbiri vardır və namaz qılan şəxs niyyətdən sonra aşağıdakı qaydada beş təkbir deyərsə, kafidir:
1) Birinci təkbirdən sonra desin: “Əşhədu ən la ilahə illəllah və ənnə Muhəmmədən rəsulullah”.
2) İkinci təkbirdən sonra desin: “Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd”.
3) Üçüncü təkbirdən sonra desin: “Allahumməğfir lil-mumininə vəl-muminat”.
4) Dördüncü təkbirdən sonra cənazə kişi olduğu halda: “Allahumməğfir lihazəl-meyyit”, qadın olduğu halda isə: “Allahumməğfir lihazihil-meyyitə”, - desin.
5) Sonra beşinci təkbiri desin. Bu təkbirdən sonra hər hansı bir zikr, yaxud duanın edilməsi vacib deyil.
Ancaq daha yaxşı olar ki, namaz qılan şəxs cənazə namazında birinci təkbirdən sonra desin:
“Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, ərsələhu bil-huda və dinil-həqqi bəşirən və nəzirən bəynə yədəyis-saəh”.
İkini təkbirdən sonra desin:
“Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd, və barik əla Muhəmmədin və Ali-Muhəmməd, vərhəm Muhəmmədən və Alə-Muhəmməd, kəəfzəli ma səlleytə və barəktə və tərəhhəmtə əla İbrahimə və Ali-İbrahim. İnnəkə Həmidun Məcid. Və səlli əla cəmiil-ənbiyai vəl-mursəlinə vəş-şuhədai vəs-siddiqinə və cəmii ibadillahis-salihin”.
Üçüncü təkbirdən sonra desin:
“Allahumməğfir lil-mumininə vəl-muminat, vəl-musliminə vəl-muslimat, əl-əhyai minhum vəl-əmvat, tabi beynəna və beynəhum bil-xeyrat. İnnəkə mucibud-dəəvat, innəkə əla kulli şeyin qədir”.
Dördüncü təkbirdən sonra cənazə kişi olduğun halda desin:
“Allahummə innə hazəl-musəcca quddaməna əbdukə vəbnu əbdikə vəbnu əmətikə, nəzələ bikə və əntə xeyru mənzulin bih. Allahummə inna la nələmu minhu illa xeyrən və əntə ələmu bihi minna. Allahummə in kanə muhsinən fəzid fi ihsanihi, və in kanə musiən fətəcavəz ən seyyiatihi, vəğfir ləh. Allahumməcəlhu indəkə fi əla illiyyin, vəxluf əla əhlihi fil-ğabirin, vərhəmhu birəhmətikə ya ərhəmər-rahimin”.
Sonra beşinci təkbiri desin. Bununla namaz başa çatır.
Lakin cənazə qadın olduğu təqdirdə dördüncü təkbirdən sonra belə desin:
“Allahummə innə hazihil-musəccatə quddaməna əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə, nəzələt bikə və əntə xeyru mənzulin bih. Allahummə inna la nələmu minha illa xeyrən və əntə ələmu biha minna. Allahummə in kanət muhsinətən fəzid fi ihsaniha, və in kanət musiətən fətəcavəz ən seyyiatiha, vəğfir ləha. Allahumməcəlha indəkə fi əla illiyyin, vəxluf əla əhliha fil-ğabirin, vərhəmha birəhmətikə ya ərhəmər-rahimin”.
Qeyd etmək lazımdır ki, dördüncü təkbirdən sonra oxunan yuxarıdakı dualar həddi-büluğa çatmış insanlar üçündür, həddi-büluğa çatmayan şəxslər, o cümlədən möminlərin övladları üçün qılınan cənazə namazında isə dördüncü təkbirdən sonra belə deyilir: “Allahumməcəlhu liəbəveyhi və ləna sələfən və fərətən və əcrən”.
Məsələ 749. Cənazə namazının camaat halında qılınması müstəhəbdir və vacib ehtiyata əsasən, cənazə namazının imamı həddi-büluğa çatmaq, aqillik, halalzadəlik, isnaəşərilik və s. kimi imamlıq üçün tələb olunan şərtlərə cavab verməlidir. Lakin adil olması, hərçənd müstəhəb ehtiyatın tələbi olsa da, şərt sayılmır. Camaat namazının doğru olması üçün tələb olunan şərtlər xüsusunda da, iqtidanın gerçəkləşməsi və camaat namazının təşkilində ürfən rol oynayan şərtlərə riayət etmək lazımdır. Məsələn, məmumla imam, həmçinin məmumla onun imama qoşulması üçün vasitə olan başqa məmum arasında həddən ziyadə məsafə olmamalıdır.
Məsələ 750. Cənazə namazını camaatla qılan şəxs, hərçənd məmum olsa da, onun təkbir və dualarının heç olmazsa vacib hissələrini oxumalıdır. Sözügedən dualara camaat halında qılınan və yalnız imamın oxuduğu gündəlik namazların Həmd-surəsi ilə bağlı hökm şamil olunmur.

Cənazə namazında müstəhəb olan işlər
Məsələ 751. Cənazə namazında bir neçə şey müstəhəbdir:
1) Namaz qılanın cənazə namazında dəstəmazlı, qüsllü və ya təyəmmümlü olması. Lazım ehtiyata əsasən, o, dəstəmaz və qüsl mümkün olmadığı halda, yaxud dəstəmaz alacağı və ya qüsl edəcəyi təqdirdə cənazə namazına çatmayacağını ehtimal etdikdə təyəmmüm etməlidir. Əlbəttə, əgər dəstəmaz almaq və qüsl etmək mümkündürsə və cənazə namazına çatmaq üçün də kifayət qədər vaxt qalırsa,belə hallarda da insan rəcaən təyəmmüm edə bilər.
2) Cənazə kişi olduğu halda camaatın imamının, yaxud ona fərdi qaydada namaz qılan şəxsin onun qamətinin orta hissəsinin müqabilində, qadın olduğu təqdirdə isə sinəsinin müqabilində dayanması.
3) Namazı ayaqyalın qılmaq.
4) Hər təkbirdə gündəlik namazların təkbirətəl-ehramı mövzusunda 1141-ci məsələdə qeyd ediləcək qaydada əlləri qulaqların, yaxud üzün müqabilinədək qaldırmaq.
5) Onunla(7) cənazə arasında məsafə o qədər az olmalıdır ki, əgər külək paltarını hərəkət etdirərsə, cənazəyə toxunnmalıdır.
6) Cənazə namazının camaat halında qılınması.
7) İmamın təkbir və duaları ucadan, onunla birgə namaz qılanların (məmumların) isə alçaq səslə oxuması.
8) Camaat namazında məmum bir nəfər olsa da, onun imamın arxasında durması.
9) Namaz qılanın vəfat edən şəxs, habelə mömin kişi və qadınlar üçün çox dua etməsi.
10) Camaat halında qılındıqda namazdan öncə üç dəfə “əs-səlat” demək.
11) Namazın insanların cənazə namazını qılmaq üçün daha çox getdiyi bir yerdə qılınması.
12) Haiz qadının cənazə namazını camaatla birgə qıldığı təqdirdə tək durması, namaz qılanların sırasında durmaması.

Cənazə namazında məkruh olan işlər
Məsələ 752. Cənazə namazının məscidlərdə qılınması məkruhdur. Lakin Məscid əl-haramda məkruh deyil.
Məsələ 753. Fəqihlərdən (Allah onlardan razı olsun!) bəzilərinin nəzərincə, cənazə üçün bir neçə dəfə namaz qılmaq məkruhdur. Lakin bu məsələ sübuta yetirilməmişdir. Beləliklə, cənazəyə bir neçə namaz qılmaq olar və əgər vəfat edən şəxs elm və təqva sahibi olarsa, şübhəsiz, məkruh deyil.

Cənazəni müşayiət etmək
Məsələ 754. Vəfat edən insanın cənazəsini dəfn ediləcəyi yerədək müşayiət etmək müstəhəbdir və bu hərəkətin mənəvi dəyəri ilə bağlı çoxlu rəvayət nəql edilmişdir. Fəqihlər (Allah onlardan razı olsun!) də cənazənin müşayiət edilməsi ilə əlaqədar bir sıra işlərin müstəhəb və məkruh olduğunu qeyd etmişlər. Onlara rəcaən (savab ümidi ilə) riayət etmək bəyənilən əməl sayılır və sözügedən hərəkətlər müfəssəl kitablarda açıqlanmışdır.

Meyitin dəfni
Meyitin dəfni ilə əlaqədar vacib olan işlər
Məsələ 755. Müsəlmanın, yaxud müsəlman hökmü şamil olunan insanın meyitini dəfn etməklə bağlı aşağıda qeyd edilənlərin yerinə yetirilməsi vacibdir:
1) Mümkün olduğu halda meyitin bədəni torpağın altında gizlənəcək şəkildə yerdə qazılmış bir çuxurda dəfn edilməsi vacibdir və zərurət olmadan meyiti bina, tikili, yaxud tabut və ya sandıqda dəfn etmək olmaz.
2) Meyitin qoxusu bayıra yayılaraq insanları incitməyəcək şəkildə dəfn edilməsi vacibdir. Lakin əgər meyit səhra kimi bir yerdə dəfn edilərsə və orada meyitin qoxusunun əziyyət verə biləcəyi kimsə olmazsa, meyitin hansı şəkildə olursa olsun yerin təkinə dəfn edilməsi kafidir. Hərçənd, müstəhəb ehtiyata əsasən, bu halda da qoxusunun bayıra yayılmasının qarşısı alınacaq şəkildə dəfn edilməlidir.
3) Meyitin yırtıcı heyvanların onun nəşini qəbirdən çıxara bilməyəcəyi şəkildə dəfn edilməsi vacibdir və əgər bir heyvanın onun cəsədini qəbirdən çıxarması təhlükəsi olarsa, qəbrin üzəri kərpic kimi şeylərlə möhkəmləndirilməlidir. Lakin meyit yırtıcıların olmadığı bir yerdə dəfn edilərsə, qəbrin üstünün möhkəmləndirilməsinə ehtiyac yoxdur. Hərçənd müstəhəb ehtiyata əsasən, bu halda da qəbrin üstü möhkəm düzəldilməlidir.
4) Meyitin qəbrin içində sağ çiyni üstə bədəninin ön hissəsi qibləyə doğru düşəcək şəkildə yatırdılması vacibdir. Meyitin bədəni başsız dəfn edildikdə də bu hökm qüvvədədir. Hətta meyitin təkcə başı, yaxud təkcə sinəsi və ya hər hansı bir üzvü dəfn edildikdə də, vacib ehtiyatın tələbi budur ki, mümkün olduğu təqdirdə deyilən qaydada qəbrə qoyulsun.
Məsələ 756. Meyitin hər hansı bir zərurət olmadan soyuducu və bu qəbildən olan yerlərdə uzun müddət saxlanılmasının işkalı vardır və vacib ehtiyata əsasən, bu işi görməsinlər.
Məsələ 757. Meyitin yerə dəfn edilməsi mümkün olmazsa, dəfn yerinə onu bir tikili, tabut, yaxud bu qəbildən olan şeylərin içinə qoymaq olar. Lakin 755-ci məsələdə qeyd edilən digər şərtlərə riayət etmək lazımdır.
Məsələ 758. Bir şəxs gəmidə həyatını itirərsə, cəsədi çürüməyəcəksə və onun gəmidə qalması üçün bir məhdudiyyət yoxdursa, sahilə çatanadək gözləmək və onu torpağa dəfn etmək lazımdır. Əks təqdirdə isə gəmidə qüslünü etmək, hənut etmək, kəfənləmək, cənazə namazını qıldıqdan sonra cəsədini bir küpün içinə qoyaraq ağzını möhkəm bağlamaq və dənizə atmaq, yaxud ayağına ağır bir şey bağlayaraq dənizə atmaq lazımdır və müstəhəb ehtiyata əsasən, imkan daxilində birinci üsulu seçmək lazımdır. Mümkündürsə, cəsədi dərhal heyvanların yeminə çevrilməyəcəyi bir yerdə dənizə atmaq lazımdır.
Məsələ 759. Düşmənin qəbri açaraq ölünün nəşini çıxarması, qulağını, burnunu, yaxud digər əzalarını kəsməsi və ya cəsədini yandırması qorxusu olarsa, cənazə öncəki məsələdə izah edilən qaydada dənizə atılmalıdır.
Məsələ 760. Lazım gəldiyi təqdirdə meyitin dənizə atılması, yaxud qəbrinin üstünün möhkəmləndirilməsi üçün çəkilən xərcləri onun əmlakının əslindən (varislər arasında bölünməmiş) götürmək olar.
Məsələ 761. Kafir qadın bətnindəki uşağı ilə birgə ölərsə, uşağın atası müsəlman olduğu təqdirdə qadını qəbirdə sol çiyni üstə arxası qibləyə doğru yatırtmaq lazımdır ki, uşağın üzü qibləyə doğru düşsün. Həmçinin, müstəhəb ehtiyata əsasən, bətnindəki uşağın bədəninə ruh daxil olmasa da, bu hökm ona şamil olunur.
Məsələ 762. Dəfn yerinin mübah olması vacibdir. Beləliklə, meyitin qəsb edilmiş yerdə dəfn edilməsi haramdır.
Məsələ 763. Meyitin dəfndən fərqli bir məqsəd üçün vəqf edilmiş məscid, hüseyniyyə, yaxud dini mədrəsələr kimi yerlərdə dəfn edilməsi vəqfə zərər yetirdiyi, yaxud vəqf məqsədlərinin həyata keçməsinə əngəl törətdiyi təqdirdə caiz deyil. Hətta əgər vəqfə zərər yetirməsə, yaxud məqsədlərinin həyata keçirilməsinə maneə törətməsə belə, vacib ehtiyata əsasən, əvvəlcədən, vəqfdən öncə orada müəyyən bir yerin istisna edilərək dəfn üçün nəzərdə tutulduğu hallar müstəsna olmaqla, dəfn caiz sayılmır.
Məsələ 764. Müsəlmanın ona qarşı hörmətsizlik sayılan bir yerdə, məsələn, zibillikdə, yaxud kanalizasiya quyusunda dəfn edilməsi haramdır.
Məsələ 765. Müsəlmanın kafirlərin qəbiristanlığında, kafirin isə müsəlmanların qəbiristanlığında dəfn edilməsi caiz deyil.
Məsələ 766. Meyitin başqa bir ölünün qəbrində dəfn edilməsi başqasının haqqına keçmək, yaxud cəsədi çürüməmiş bir meyitin qəbrinin açılması və ya ölüyə qarşı hörmətsizliyə səbəb olacağı təqdirdə caiz deyil. Əks təqdirdə, sözügedən qəbir köhnəldiyi, ilk sahibinin cəsədi çürüdüyü, yaxud qəbrin daha öncə açıldığı halda isə eybi yoxdur.
Məsələ 767. Bir şəxs quyuda həyatını itirərsə və nəşinin quyudan çıxarılması mümkün olmazsa, quyunun ağzı örtülməli və həmin quyu onun üçün qəbir təyin edilməlidir.
Məsələ 768. Əgər hamilə qadın həyatını itirər, bətnindəki uşaq isə sağ qalarsa, uşağın hərçənd qısa bir müddətlik də olsa sağ qalacağına ümid varsa, dərhal qadının hansı nahiyəsinə cərrahi müdaxilə uşağın sağ qalması və sağlamlığı üçün daha məqsədə uyğundursa, həmin nahiyədən kəsik açılaraq döl azad edilməli, sonra kəsik yeri tikilməlidir. Əgər uşağın sağ qalması və sağlamlığı üçün iki və ya daha artıq nahiyəyə cərrahi müdaxilə arasında fərq olmazsa, bu halda həmin nahiyələrdən hər hansı birini cərrahi müdaxilə üçün seçmək olar. Lakin əgər ananın bədəninə cərrahi müdaxilə ediləcəyi təqdirdə uşağın dərhal həyatını itirəcəyi və ana bətnindən sağ çıxmayacağına dairməlumat, yaxud arxayınlıq hasil edilərsə, bu halda ananın bədənini yarmaq caiz deyil.
Məsələ 769. Uşaq ana bətnində ölərsə və uşaqlıqda qalması ana üçün təhlükəli olarsa, ən asan üsulla çıxarılmalıdır və çıxılmaz hallarda doğranaraq çıxarıla bilər. Lakin bu əməliyyat mütəxəssis olduğu təqdirdə qadının öz əri tərəfindən həyata keçirilməlidir. Mümkün olmadığı təqdirdə isə mütəxəssis bir qadın dölü ana bətnindən çıxarmalıdır. Ana bu işi ən yaxşı şəkildə həyata keçirə bilən və özü üçün daha çox uyğun gördüyü bir mütəxəssisə, hərçənd həmin şəxs ona naməhrəm olsa belə, müraciət edə bilər.
Məsələ 770. Əgər ölünün cəsədinin müəyyən bir hissəsi, məsələn, əti, dərisi, tükü, dırnağı, yaxud dişi bədənindən qoparsa və dəfndən öncə tapılarsa, onun meyitin kəfəninin içinə qoyulması(8) və nəşi ilə birgə dəfn edilməsi vacibdir. Həmçinin, qüsl əsnasında meyitin bədəninin bir hissəsi bədənin əsas hissəsindən ayrılarsa və bu, həmin an, yaxud dəfnədək anlaşılarsa, bu halda da ayrılan hissənin meyitin kəfəninin içinə qoyularaq onunla birgə dəfn edilməsi vacibdir. Lakin əgər meyitin bədənindən ayrılmış hissə dəfndən sonra tapılarsa, onu ayrıca dəfn etmək, yaxud meyitin qəbrinə basdırmaq istədinildiyi təqdirdə bunu qəbrin açılmasına səbəb olmayacaq şəkildə etmək lazımdır.
Qeyd etmək lazımdır ki, meyitin dəfnindən sonra tapılan tük, dırnaq və dişin dəfn olunması lazım ehtiyata əsaslanır.
Məsələ 771. Sağ adamın dırnağı qopduqda (və ya özü tutduqda), yaxud dişi çıxdıqda (və ya özü çəkdirdikdə) onları basdırması müstəhəbdir.

Dəfn ilə əlaqədar müstəhəb işlər
Məsələ 772. Fəqihlər (Allah onlardan razı olsun!) rəcaən riayət edilməsi bəyənilən bir sıra işləri meyitin dəfni əsnasında, dəfndən öncə və sonra müstəhəb işlər kimi təqdim edirlər. O cümlədən:
1) Qəbrin ortaboylu insan boyuna bərabər ölçüdə, yaxud onun çiyninin üst tərəfinədək qazılması.
2) Yumşaq torpaqda qəbrin ortasında çay yatağına bənzər bir çuxurun qazılması və cəsədin oraya yerləşdirilməsi, sonra üzərinə ləhəd daşları qoymaqla tavan düzəldilməsi, ardınca qəbrin torpaqla doldurulması; bərk torpaqda (sərt yerdə) isə qəbir üçün onun qiblə tərəfində bir ləhədin qoyulması, qəbrin en və uzunluğunun cəsədin içinə sığa biləcəyi qədər geniş və içində oturula biləcək qədər dərin qazılması, sonra cəsədin onun içinə qoyulması və ləhəd daşlarının qəbirin qiblə tərəfindəki divara yerləşdirilməsi və daha sonra qəbrin torpaqla doldurulması.
3) Meyitin ən yaxın qəbiristanlıqda dəfn edilməsi. Uzaqdakı qəbiristanlığın hər hansı bir cəhətdən, məsələn, orada yaxşı insanların dəfn edilməsi, yaxud insanların mərhumlara fatihə oxumaq üçün daha çox ziyarət etdiyi bir qəbiristanlıq olması və ya müqəddəs ziyarətgahlardan olması kimi səbəblərlə əlaqədar olaraq daha üstün olduğu hallar istisnadır.
4) Qohumların bir-birinə yaxın dəfn edilməsi.
5) Cənazənin qəbrə bir neçə qulac məsafədə yerə qoyulması, üç dəfə az-az qəbrə yaxınlaşdırılması, bu üç dəfənin hər birində qaldırılaraq yenidən yerə qoyulması və dördüncü dəfə qəbrin içinə qoyulması. Bunun hikmətlərindən biri də ölünün özünü qəbrə daxil olmaq üçün hazırlamasıdır.
6) Cənazə kişi olduğu təqdirdə onun üçüncü başı qəbrin ayaq tərəfinə düşəcək şəkildə yerə qoyulması və dördüncü baş tərəfindən (cəsədin) qəbrə daxil edilməsi, qadın olduğu təqdirdə isə üçüncü dəfə qəbrin qiblə tərəfində yerə qoyulması və qəbirə eninə daxil edilməsi.
7) Cənazənin aram şəkildə tabutdan götürülməsi və təmkinlə, astaca qəbirə qoyulması.
8) Cənazə qadın olduğu təqdirdə qəbrə daxil edilərkən qəbirin üzərinə bir parça tutmaq.
9) Cənazə qadın olduğu təqdirdə nəşini ona məhrəm olan bir şəxsin qəbirə daxil etməsi, bir məhrəm tapılmadıqda isə qohumlarının onu qəbirə qoyması.
10) Cənazəni qəbirə qoyan şəxsin təharətli, başıaçıq və ayaqyalın olması, qəbirdən meyitin ayağı qoyulan tərəfdən çıxması.
11) Cənazəni ləhədə qoyduqdan sonra kəfənin düyünlərinin açılması. Daha yaxşı olar ki, kəfənin bağı öncə baş tərəfindən açılsın.
12) Meyitin yalnız üzünü kəfəndən çıxarmaq, yanağını torpağa dayamaq və başının altında torpaqdan balış düzəltmək.
13) Meyitin kürəyinə arxası üstə yıxılmasın deyə çiy kərpic, yaxud kəsək qoymaq.
14) Həzrət Hüseynin (ə) türbətindən bir kərpic həcminə bərabər miqdarda torpağı meyitin bədəninin ön tərəfinə müqabil olan qəbirin qabaq hissəsinə cəsəd çürüdükdə ona toxunmayacaq şəkildə tökmək. Həzrət Hüseynin (ə) türbətindən az miqdarda olsa belə, qəbirin içinə tökülməsi bəyənilən əməldir.
15) Meyitin üzərinə torpaq tökülməsin deyə ləhədi kərpic, daş, yaxud bu qəbildən olan şeylərlə örtmək. Daha yaxşı olar ki, daşları, yaxud kərpiclər meyitin baş tərəfindən başlanılaraq düzülsün. Əgər kərpic palçıqla bərkidilərsə, daha yaxşıdır.
16) Cənazənin yaxın qohumları istisna olmaqla dəfn mərasimində iştirak edən digər şəxslərin əllərinin üstü ilə qəbirə torpaq tökərək: “İnna lillahi və inna ileyhi raciun”, - deməsi.
17) Qəbirin dördkünc qazılması və yerdən dörd açıq, yaxud bağlı barmaq ölçüsündə hündür edilməsi.
18) Qəbirin üstünün enli və hamar vəziyyətdə düzəldilməsi.
19) Başqa bir şəxslə səhv düşməməsi üçün ölünün adının qəbirin yuxarı tərəfinə yazılması, yaxud bir lövhə və ya daşın üzərinə yazılması və onun cənazənin baş tərəfinə yerləşdirilməsi.
20) Qəbri dağılmasın deyə möhkəm düzəltmək.
21) Hədis kitablarında dəfndən öncə, dəfn əsnasında və qəbir görərkən oxunulması üçün nəql olunan duaları oxumaq. Bu dualara müfəssəl kitablarda yer verilmişdir. Onlardan biri də dəfn zamanı meyitə təlqin şəklində oxunan duadır. Həmin dua belədir:
Ləhədin üstünü örtməzdən öncə bir şəxs sağ əlini meyitin sağ çiyninə vursun, sol əlini də qüvvətlə meyitin sol çiyninə qoysun, ağzını onun qulağına yaxınlaşdırsın və onu möhkəm şəkildə silkələyərək üç dəfə desin:(9)
“İsmə, ifhəm (isməi, ifhəmi) ya fulanəbnə fulan (ya fulanə bintə fulan)”. “Fulanəbnə fulan”, yaxud “fulanə bintə fulan” sözlərinin yerinə mərhumun və atasının adlarını çəksin. Məsələn, əgər onun adı Məhəmməd, atasının adı isə Əlidirsə, üç dəfə: “İsmə, ifhəm, ya Muhəmmədəbnə Əli!”,ölünün öz adı Fatimə, atasının adı Əli olduğu təqdirdə isə: “İsməi, ifhəmi, ya Fatimə bintə Əli!” – desin. Sonra desin:“Həl əntə (ənti) ələl-əhdilləzi farəqtəna (farəqtina) əleyhi min şəhadəti ən la ilahə illəllahu, vəhdəhu la şərikə ləh, və ənnə Muhəmmədən səlləllahu əleyhi və alihi əbduhu və rəsuluhu və seyyidun-nəbiyyinə və xatəmul-mursəlin, və ənnə Əliyyən Əmirul-mumininə və seyyidul-vəsiyyinə, və iamun iftərəzallahu taətəhu ələl-aləmin, və ənnəl-Həsənə vəl-Huseynə və Əliyyəbnəl-Huseyni və Muhəmmədəbnə Əliyyin və Cəfərəbnə Muhəmmədin və Musəbnə Cəfərin və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmmədin vəl-Həsənəbnə Əliyyin vəl-Qaiməl-Huccətəl-Məhdi sələvatullahi əleyhim əimmətul-mumininə və hucəcullahi ələl-xəlqi əcməinə, və əimmətukə (əimmətuki) əimmətu huda əbrarun. Ya fulanəbnə fulan (fulanə bintə fulan)”. “Fulanəbnə fulan”, yaxud “fulanə bintə fulan” sözlərinin yerinə mərhumun və atasının adlarını çəksin və sonra desin:“İza ətakə (ətaki) əl-mələkanil-muqərrəbani rəsuleyni min indillahi təbarəkə və təala, səələkə (səələki) ən rəbbikə (rəbbiki) və ən nəbiyyikə (nəbiyyiki) və ən dinikə (diniki) və ən kitabikə (kitabiki) və ən qiblətikə (qiblətiki) və ən əimmətikə (əimmətiki), fəla təxəf və la təhzən (fəla təxafi və la təhzəni) və qul (və quli) fi cəvabihima: Allahu rəbbi, və Muhəmmədun səlləllahu əleyhi və alihi və səlləmə nəbiyyi, vəl-islamu dini, vəl-Quranu kitabi, vəl-Kəbətu qibləti, və Əmirul-mumininə Əliyyubnu Əbi Talibin imami, vəl-Həsənubnu Əliyyinil-Muctəba imami, vəl-Huseynubnu Əliyyiniş-şəhidi bikərbəla imami, və Əliyyun Zeynul-abidinə imami, və Muhəmmədunil-Baqiru imami, və Cəfərunis-Sadiqu imami, və Musəbnəl-Kazimu imami, və Əliyyunir-Riza imami, və Muhəmmədunil-Cəvadu imami, və Əliyyunil-Hadi imami, vəl-Həsənul-Əskəriyyu imami, vəl-Huccətul-Muntəzəru imami, haulai sələvatullahi əleyhim əimməti və sadəti və qadəti və şufəai, bihim ətəvəlla və min ədaihim ətəbərrəu fid-dunya vəl-axirəti. Summə iləm (iləmi) ya fulanəbnə fulan (ya fulanə bintə fulan)”. Burada da “fulanəbnə fulan”, yaxud “fulanə bintə fulan” sözlərinin yerinə mərhumun və atasının adlarını çəksin və ardınca desin: “Ənnəllahə təbarəkə və təala nimər-rəbbu, və ənnə Muhəmmədən səlləllahu əleyhi və alihi və səlləmə nimər-rəsulu, və ənnə Əliyyəbnə Əbi Talibin və əvladəhul-məsuminə əl-əimmətəl-isna əşərə niməl-əimmətu, və ənnə ma caə bihi Muhəmmədun səlləllahu əleyhi və alihi və səlləmə həqqun, və ənnəl-məvtə həqqun, və sualə Munkərin və Nəkirin fil-qəbri həqqun, vəl-bəsə həqqun, vən-nuşurə həqqun, vəs-siratə həqqun, vəl-mizanə həqqun, və tətayurəl-kutubi həqqun, və ənnəl-cənnətə həqqun, vən-narə həqqun, və ənnəs-saətə atiyətun la reybə fiha və ənnəllahə yəbəsu mən fil-qubur”. Sonra desin: “Əfəhimtə ya fulanu (əfəhimti ya fulanətu)”. “Fulanu”, yaxud “fulanətu” sözlərinin yerinə mərhumun adını çəksin. Daha sonra desin: “Səbbətəkəllahu (səbbətəkillahu) bil-qəvlis-sabiti və hədakəllahu (hədakillahu) əla siratin mustəqim. Ərrəfəllahu beynəkə (beynəki) və beynə əvliyaikə (əvliyaiki) fi mustəqərrin min rəhmətih”. Sonra belə dua etsin: “Allahummə cafil-ərzə ən cənbeyhi(cənbeyha) vəsəd biruhihi (biruhiha) ileykə və ləqqihi (ləqqiha) minkə burhanən. Allahummə əfvəkə əfvəkə”.
Əgər mərhumun ana dili ərəb dili deyilsə, daha yaxşı olar ki, ərəbcə təlqindən sonra bu sözlər bir dəfə də ona öz dilində təlqin edilsin.
22) Cənazənin dəfnindən sonra qəbirin üzərinə su tökmək. Daha yaxşı olar ki, su tökən şəxs üzü qibləyə dursun, suyu meyitin baş tərəfindən başlayaraq qəbrin ayaqların altına düşən hissəsinədək, sonra əks istiqamətdə meyitin başınadək səpsin və qalan suyu qəbrin orta hissəsinə töksün. Qəbirin üstünə qırx gün boyunca gündə bir dəfə su tökmək müstəhəbdir.
23) Su səpdikdən sonra dəfndə iştirak edənlərin əllərini qəbrin üzərinə qoysunlar, daha yaxşı olar ki, üzü qibləyə doğru və cənazənin baş tərəfində dursunlar, barmaqlarını bir-birindən aralayaraq torpağa batırsınlar, yeddi dəfə “Qədr” surəsini oxuyaraq mərhum üçün Allahdan əfv diləsinlər və bu duanı oxusunlar: “Allahummə cafil-ərzə ən cənbeyhi (cənbeyha) və əsid ileykə ruhəhu (ruhəha) və ləqqihi (ləqqiha) minkə rizvanən, və əskin qəbrəhu (qəbrəha) min rəhmətikə ma tuğnihi (tuğniha) bihi ən rəhməti mən sivakə”. Yaxud belə dua etsinlər: “Allahummərhəm ğurbətəhu (ğurbətəha) və sil vəhdətəhu (vəhdətəha) və anis vəhşətəhu (vəhşətəha) və amin rəvətəhu (rəvətəha) və əfiz əleyhi (əleyha) min rəhmətikə və əskin ileyhi (ileyha) min bərdi əfvikə və səəti ğufranikə və rəhmətikə ma yəstəğni biha ən rəhməti mən sivakə vəhşurhu (vəhşurha) məə mən kanə yətəvvəllahu (yətəvəllaha)”.
Qeyd etmək lazımdır ki, bu göstəriş yalnız dəfn zamanına xas deyil, insanın hər dəfə bir möminin qəbrini ziyarət etdikdə yeddi dəfə Qədr surəsini oxuyaraq onun üçün bağışlanma diləməsi və qeyd edilən duanı oxuması müstəhəbdir.
24) Qırx, yaxud əlli nəfərin mərhumun yaxşı insan olduğunu: “Allahummə inna la nələmu minhu (minha) illa xeyrən və əntə ələmu bihi (biha) minna” (Allahım, biz ondan xeyirdən başqa bir şey görmədik, hərçənd Sən onu bizdən daha yaxşı tanıyırsan!)” – sözləri ilə iqrar etməsi.
25) Təlqin üç məqamda müstəhəbdir:
a) canvermə əsnasında;
b) meyit qəbirə qoyulduqdan sonra;
c) qəbir torpaqla doldurulduqdan və dəfn mərasimində iştirak edənlər dağılışdıqdan sonra. Sonuncu təlqinin qaydası belədir:
Dəfn mərasimində iştirak edənlər dağılışdıqdan sonra müstəhəbdir ki, meyitin vəlisi, yaxud vəlisi tərəfindən icazə verilmiş bir şəxs dəfn əsnasında oxunan təlqin duasını mərhumun qəbri üstündə bir daha oxusun. Həmçinin, müstəhəbdir ki, təlqin zamanı üzünü qibləyə tutsun, qəbrin yuxarı tərəfində mərhumun başına yaxın bir yerdə otursun. Müstəhəbdir ki, təlqini oxuyan şəxs ağzını qəbrə yaxınlaşdırsın,iki ovucu ilə qəbirdən tutsun və təlqini uca səslə oxusun.
Hədislərdə qeyd edilir ki, dəfndən sonra oxunan bu təlqin Nəkir və Münkərin ölüdən qəbir suallarını soruşmamasına və onu sıxmamasına səbəb olur.
26) Müstəhəbdir ki, mömin sağlamlıq vəziyyətindən asılı olmayaraq qəbirini sağ ikən hazırlasın, içinə girərək orada Quran oxusun. Həmçinin, möminin cənazəsinin dəfn edilməsi üçün torpaq sahəsinin bağışlanması da müstəhəbdir.
27) Ölü üçün dəfninin ilk gecəsi sədəqə verilsin.
28) Ölü üçün “vəhşət namazı”, yaxud “qəbrin ilk gecəsinin namazı” kimi də adlandırılan“leylət əd-dəfn” (dəfn gecəsi) namazı qılınsın. Bu namazın qılınma qaydası müstəhəb namazlar mövzusunda, 1842-ci məsələdə izah ediləcəkdir.
Rəcaən (savab ümidi ilə) çəkinmək tələb olunan və daha müfəssəl kitablarda şərh edilən bir sıra işlər də meyitin dəfni əsnasında məkruh sayılır.

Yas mərasimi ilə əlaqədar hökm və qaydalar
Məsələ 773. Dünyasını dəyişən möminin (isnaəşəri şiənin) yasında ağlamaq müstəhəbdir, lakin müstəhəb ehtiyata əsasən, ölüyə ağlayarkən səsi həddən ziyadə ucaltmamaq lazımdır.(10)
Məsələ 774. Yalan və başqa haram sözlər ehtiva etmədikcə ölüyə şeir (nəzm), yaxud nəsr ilə mərsiyə oxumaq olar. Vacib ehtiyata əsasən, mərsiyə mərəkə məzmunu da daşımamalıdır.(11)
Məsələ 775. Dəfndən öncə və sonra dünyasını dəyişənin yaxınlarına başsağlığı, təsəlli vermək, insanın onların dərdinə şərik olduğunu izhar etməsi və onları səbirli olmağa çağırması müstəhəbdir. Bu addımın dəfndən sonra atılmasına daha çox təkid edilmişdir. Lakin əgər bir müddət keçdikdən sonra başsağlığı ilə onların müsibəti yenidən yadlarına düşəcəksə, bu addımı atmamaq daha yaxşıdır.
Məsələ 776. İnsanın yaxın qohumlarını, xüsusən, övladını itirdikdə səbirli davranması, hər dəfə dünyasını dəyişən şəxsi yadına saldıqda: “İnna lillahi və inna ileyhi raciun” – deməsi və onun üçün Quran oxuması müstəhəbdir.
Məsələ 777. Vacib ehtiyata əsasən, insanın kiminsə matəmində üzünü və bədənini cırmaqlaması, saçlarını yolması caiz deyil. Lakin başına döyməsi və üzünü sillələməsi caizdir.
Məsələ 778. Ata və qardaş istisna olmaqla digər yaxınları itirdikdə paltarın yaxasını cırmaq, vacib ehtiyata əsasən, caiz deyil. Müstəhəb ehtiyata əsasən isə onların da müsibətində insan yaxasını cırmamalıdır.
Məsələ 779. Qadın bir ölüsünün matəmində üzünü cırmaqlayaraq qanadarsa, yaxud saçını yolarsa, həmçinin, əgər kişi öz həyat yoldaşı, yaxud övladının ölümünə görə yaxasını və ya paltarını paralayarsa, müstəhəb ehtiyata əsasən, bir kölə azad etməli, yaxud on yoxsula yemək verməli və ya onları geyimlə təmin etməlidir.
Məsələ 780. Yas mərasiminin, Fatihə məclisinin sadə təşkil olunması müstəhəbdir. Habelə, israf və şəriətə zidd olan hərəkətlərdən çəkinmək lazımdır.
Məsələ 781. Mərhumun ailəsinin evinə üç gün müddətində yemək göndərmək müstəhəb, onların yanında və mənzilində yemək yemək isə məkruhdur.
Məsələ 782. İnsanın öz əmlakının üçdə birindən yas mərasimində ehsan verilməsi üçün vəsait ayrılması ilə əlaqədar vəsiyyət etməsi müstəhəbdir və dünyasını dəyişən şəxs belə bir vəsiyyət etdiyi təqdirdə ona əməl etmək lazımdır.

Ölülərin ziyarət edilməsi
Məsələ 783. Mömin kişi və qadınların qəbirlərini ziyarət etmək müstəhəbdir və hədislərdə qəbirdə uyuyanların ziyarət edilməsi ilə bağlı bir sıra adətlər tövsiyə edilmişdir. O cümlədən, insanın üzünü qibləyə tutaraq əlini qəbirin üstünə qoyması və yeddi dəfə Qədr surəsini oxuması, on bir dəfə İxlas surəsini, habeləYasin və Mülk surələrini oxuması və s. tövsiyələr daha müfəssəl kitablarda öz əksini tapmışdır.

Qəbirin açılması
Məsələ 784. Hərçənd uşaq, yaxud dəli olsa belə, müsəlmanın qəbirinin açılması haramdır. Lakin əgər bədəni tamamilə çürümüş, ət və sümükləri torpağa qarışmış olarsa, qəbiri açıla bilər. Əgər qəbirin açılması ölüyə qarşı hörmətsizliyə səbəb olarsa, yaxud başqa bir şəxsin əmlakını onun razılığı olmadan təsərrüf etməklə nəticələnərsə və ya bu hərəkət başqa bir haram iş məzmunu kəsb edərsə, bu halda caiz deyil.
Məsələ 785. İmamzadələrin, şəhidlərin, alimlərin qəbirlərinin dağıdılması və eləcə də qəbirin dağıdılması sahibinə qarşı hörmətsizlik sayılan digər istənilən bir halda bu addımın atılması, hətta onların ölümündən uzun illər keçdikdən, cəsədləri çürüdükdən sonra belə, caiz deyil.
Məsələ 786. Aşağıdakı hallarda qəbirin açılması haram deyil:
1) Meyit qəsb edilmiş bir torpaqda dəfn edilərsə və torpaq sahibi onun qəbirinin orada qalmasına razılıq verməzsə, qəbirin açılması və cəsədin çıxarılmasının onun parçalanması kimi daha önəmli bir fəsadla nəticələnməməsi şərti ilə, qəbir açıla bilər, əks təqdirdə isə açılması caiz deyil. Ölüyə qarşı hörmətsizliklə nəticələnəcəyi və həmin torpağı onun özünün (sağlığında) qəsb etmədiyi təqdirdə qəbirin açılmasının caizliyi şübhə doğurur və belə hallarda, vacib ehtiyata əsasən, qəsb edən şəxs mülkiyyət sahibini sözügedən ölünün (qəbrinin) onun torpağında qalmasına, hərçənd müqabilində daha artıq pul və mal vermək surəti ilə olsa da, razı salmalıdır.Qəbirin açılması ölüyə qarşı hörmətsizlik hesab edilməzsə və daha önəmli bir fəsadla da nəticələnməzsə, lakin adətən dözülməz sayılan böyük çətinliklər törədərsə, bu halda qəbirin açılması yalnız dəfn yerini qəsb edən şəxsə vacibdir.
2) Kəfən, yaxud meyitlə birgə dəfn edilən başqa bir əşya qəsb edilmiş olarsa və sahibi onun qəbirdə qalmasına razı olmazsa, həmçinin, əgər ölünün öz əmlakından varislərinə çatmalı olan bir şey onunla birgə torpağa basdırılarsa və varisləri həmin şeyin qəbirdə qalmasına razı olmazsa. Lakin əgər ölü hər hansı bir dua, Quran nüsxəsi, yaxud üzüyün onunla birgə dəfn edilməsini vəsiyyət edərsə və vəsiyyəti doğru olarsa, bu əşyaları çıxarmaq üçün qəbiri açmaq olmaz. Qeyd etmək lazımdır ki, qəbirin açılmasının caiz olduğu öncəki halda (bu məsələnin 1-ci bəndində) qeyd edilən istisna bu hala (2-ci bənd) da şamildir.
3) Qəbirin açılması hörmətsizliyə səbəb olmazsa və ölü qüsl, kəfən, yaxud hənutsuz dəfn edilmiş olarsa və ya qüslünün batil olduğu, yaxud şəriətin göstərişinə uyğun olmayan qaydada kəfənləndiyi, ya da qəbirdə üzü qibləyə qoyulmadığı başa düşülərsə.
4) Qəbirin açılmasından daha mühüm olan bir həqiqətin sabit edilməsiüçün cəsədi görmək istədikdə.
5) Meyit ona qarşı hörmətsizlik sayılan bir yerdə, məsələn, kafirlərin qəbiristanlığında, yaxud zibillikdə basdırıldığı təqdirdə.
6) Qəbirin açılmasından daha əhəmiyyətli olan bir şəriət məsələsi ilə əlaqədar olaraq, məsələn, dəfn edilmiş ananın bətnindəki sağ qalmış uşağın həyatını xilas etmək üçün.
7) Bir yırtıcının cəsədi parçalaması, yaxud selin onu yuyub aparması və ya düşmənin onu qəbirdən çıxarması təhlükəsi mövcud olduqda.
8) Vəfat edən şəxs nəşinin hər hansı bir fəsadla(12) nəticələnməmək şərti ilə müqəddəs ziyarətgahlarda dəfn edilməsini vəsiyyət edərsə, lakin qəsdən, yaxud məlumatsızlıq və ya unutqanlıq səbəbi ilə başqa bir yerdə dəfn edilərsə, ona qarşı hörmətsizliklə və başqa bir fəsadla nəticələnməyəcəyi təqdirdə qəbrini açmaq və nəşini dəfn etmək üçün müqəddəs ziyarətgaha aparmaq olar və hətta bu halda qəbirin açılması və nəşin köçürülməsi vacibdir. Lakin əgər dəfn edildikdən sonra nəşinin müqəddəs ziyarətgahlara aparılması mümkün olduğu təqdirdə qəbirinin açılmasını və nəşinin köçürülməsini vəsiyyət edərsə, bu vəsiyətin doğruluğu şübhəlidir.


(1) Bir şəxsin, yaxud bəzi şəxslərin icra etdiyi təqdirdə digərlərinin öhdəsindən götürülən vacib əməl.
(2) Qüsl edənin müsəlman olması yalnız “Minhac əs-salihin” risaləsinin birinci cildinin 277-ci məsələsində qeyd edilən bircə halda şərt sayılmır.
(3) Məhrəm yerlər deyərkən cinsiyyət orqanı və anus dəliyinin ətrafı nəzərdə tutulur. Tərc.
(4) Müməyyiz uşağın məhrəm yerlərinə şəhvət hissi və həzz almaq məqsədi olmdan baxmağın haramlığı vacib ehtiyata əsaslanır.
(5) Fiqhdə mükəlləfin üzərinə düşən vəzifəni bilməsə də, şəri vəzifəsini yerinə yetirmək niyyətinə “ma fiz-zimmə” niyyəti deyilir. Tərc.
(6) Bir misqal təqribən 4,26 qrama bərabər ölçü vahididir. Tərc.
(7) Camaatın imamı, yaxud fərdi surətdə namaz qılan şəxs ilə. Tərc.
(8) Qeyd etmək lazımdır ki, şəriətə görə nəcis sayılan bədəndən ayrılmış ruhu olan üzvləri kəfənin içinə qoymaq istədikdə kəfənin nəcasətlənməsinə səbəb olmayacaq şəkildə hərəkət etmək, məsələn, sirayətedici rütubət olduğu təqdirdə həmin üzvü (hissəni) plastik torbanın içinə qoymaq, sonra həmin torbanı kəfənə qoymaq lazımdır.
(9) Cənazə qadın olduğu təqdirdə mötərizədən öncəki sözlərin yerinə mötərizə daxilindəki sözlər deyilməlidir.
(10) Məsumlar (ə) üçün əzadarlıqla əlaqədar hökm yas tutmaq və dini məclislərlə bağlı hökmlər mövzusunda açıqlanacaqdır.
(11) Məsələn, “Vay, mən öldüm, məhv oldum!”, “Vay, kaş mən ölüm, məhv olum!”, “Allah, mənə ölüm ver!”, “Allah məni öldürsün!” kimi özünə qarğış və ölüm arzulamaq kimi ifadələr işlədilməməlidir.
(12) Cəsədin köçürülməsinin onun pozulmasına səbəb olması, yaxud meyitin təhlükəli bir keçici xəstəliyə sahib olması və köçürülmə zamanı həmin xəstəliyin insanlar arasında yayılması təhlükəsinin olması kimi.

TƏYƏMMÜM → ← ÜÇ QAN (QADINLARA MƏXSUS HÖKMLƏR)
العربية فارسی اردو English Azərbaycan Türkçe Français